• Şb. Noy 23rd, 2024

Kamilə Əliyeva: “İnsanları silahla deyil, başlarını kəsib, küt alətlərlə başlarına mismar vuraraq öldürüblər”

ByYenigun.news

Mar 30, 2023


“Heç vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan ermənilər həmişə digər xalqlara qarşı məkrli, düşmən mövqeyi nümayiş etdiriblər. Dövlətçilik prinsiplərindən uzaq, tayfa təfəkkürünü adlaya bilməyən haylar qədim Azərbaycan torpaqlarına köçürüldükdən sonra azərbaycanlılara qarşı havadarlarının köməyi ilə vəhşiliklər, cinayətlər törətməyə başladılar. Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları “Böyük Ermənistan” ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə həyata keçiriblər”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Kamilə Əliyeva 31 mart soyqırımı və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışarkən deyib.

O bildirib ki, XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətliamlar törətdilər:

“Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməyə davam ediblər. 1918-ci ilin mart soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada onminlərlə soydaşımız ermənilər tərəfindən soyqırımına məruz qalıb. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törətdilər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə ermənilər onminlərlə azərbaycanlını qətlə yetirdilər, bir o qədər insanı da öz yurd yerlərindən qovdular.

1918-ci ilin mart soyqırımı tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri oldu. Ermənilər azərbaycanlılarla yanaşı, bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetirdilər. Ermənilər soydaşlarımızı qətlə yetirməklə yanaşı, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə bir etdilər. 1918-ci ilin mart ayının 31-dən başlayaraq Bakı Sovetinin və “Daşnaksütyun” partiyasının 10 min nəfərlik silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar yaşayan məhəllələrinə hücum edərək qocaları, qadınları, uşaqları qətlə yetirdilər”.

Deputat qeyd edib ki, Şamaxı və Quba rayonlarında da ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməyə davam ediblər:

“1990-cı illərdə aparılmış tədqiqat nəticəsində məlum olub ki, ermənilər Şamaxı şəhərində, Şamaxının kəndlərində, Quba şəhərində, Quba qəzası üzrə onminlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Orada insanlar odlu silahlarla öldürülməyiblər, onların başları kəsilib, küt alətlərlə başlarına mismar vurularaq qətlə yetiriliblər.

Baş vermiş bu vəhşiliklər və soyqırımı siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Ulu öndərin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 2007-ci ildə Qubada tikinti işləri ilə əlaqədar aparılan qazıntı zamanı kütləvi məzarlıq aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Tədqiqatlarla sübut olunub ki, bunlar 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların qalıqlarıdır.

Qubada törədilmiş bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub-saxlanılması məqsədi ilə Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verib. Erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir.

Prezident İlham Əliyev tarixi faktlarla bütün dünyaya ermənilərin əsl xislətini, eləcə də müasir Ermənistan dövlətinin işğalçı bir dövlət olduğunu sübuta yetirdi”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir