• Şb. Noy 23rd, 2024

“Azərbaycan Respublikası soyqırımlarına siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir” – RƏY

ByYenigun.news

Mar 30, 2023


“Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı məqamlarla yanaşı, faciələr və soyqırımı aktları ilə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir:

“Həmin vaxt ermənilər tərəfindən uşaq, qoca, qadın demədən minlərlə insan qılıncdan keçirilib, diri-diri yandırılıb. Mənfur düşmən Bakının böyük bir hissəsini xarabalığa çevirib. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.

Bu ərazilərdə onminlərlə azərbaycanlı qətlə yetirilib, onminlərlə insan öz torpaqlarından qovulub, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib. Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımının qurbanı olublar.

Azərbaycanlılara qarşı yürüdülən bu soyqırımı aktına ilk dəfə siyasi qiymət vermə cəhdi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olub. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yaranıb, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılıb”.

O qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ülu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb:

“Həmin Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilib. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdıqları hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı.

Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

“Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Prezidentin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verilib.

31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə də Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş vəhşiliklərin, soyqırımlarının qisasını aldı. Bu hadisələr qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcək, Azərbaycan tarixində əbədi qalacaq”, – deyə o əlavə edib. 

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir