• Şb. Noy 23rd, 2024

“Mart soyqırımının dünyaya tanıdılması üçün görülən işlər sistemli deyil” – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 31, 2023


“31 Mart milli tariximizin ən faciəli, dəhşətli, eyni zamanda, ibrətamiz günlərindən biridir. 1918-20-ci illərdə ermənilərin və bolşevik-daşnak qüvvələrinin birləşmiş fəaliyyəti nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı, deportasiya aktı həyata keçirildi. Bu terrorun nəticəsində Azərbaycanın bütün bölgələrindən – Bakı, İrəvan, hətta Cənubi Azərbaycan da daxil olmaqla, Quba, Şamaxı, Göyçay, Gəncə, Qarabağ, Zəngəzur, Göyçədə 100 mindən çox soydaşımız qətlə yetirildi, 600 mindən çox azərbaycanlı isə öz ata-baba yurdlarından qovulub, didərgin salındı”.

Bu sözləri Oxu.Az-a Mart soyqırımının 105-ci ildönümü haqqında danışarkən tarixçi-deputat Musa Quliyev deyib. O, təəssüflə qeyd edib ki, sovet rejimi dönəmində soyqırımı, vandalizm və etnik təmizləmə faktları haqqında danışmaq və yazmaq yasaq edilmişdi:

“Millətə özünün ən dəhşətli faciəsini unutdurmaq siyasəti həyata keçirilib. Məhz bunun nəticəsində sonrakı illərdə də xalqımıza qarşı belə qırğınlar davam etdirilib. 1930-cu illərdə “kulak”, “qolçomaq” adı ilə minlərlə azərbaycanlı qətlə yetirilib, sürgün edilib. 1948-53-cü illərdə Qərbi Azərbaycandan yüz mindən artıq soydaşımız deportasiya olunub. Nəhayət, 1988-ci ildə yenə Qərbi Azərbaycandan 250 mindən çox azərbaycanlı deportasiya edildi. Bununla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda da ermənilərin xalqımıza qarşı törətdiyi deportasiya, işğal aktları nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Soyqırımının siyasi-hüquqi qiymət alması istiqamətində ulu öndər Heydər Əliyevin 1998-ci il martın 8-də imzaladığı fərmanın olduqca böyük tarixi əhəmiyyəti var. Bu sənəddən sonra 31 Mart soyqırımı günü kimi hər il qeyd olunmağa başladı. Bu bir anım, xatirə, eyni zamanda ibrət günüdür”.

Musa Quliyev düşünür ki, soyqırımının dünyada tanınması və ermənilərin xalqımıza qarşı uzun illər davam etmiş təcavüzkar siyasətinin zirvəsi olan bu faktların qlobal miqyasda yayılması üçün görülən işlər sistemli deyil, pərakəndədir:

“Bu tədbirlər bizim üçün kifayət olmamalıdır. Quba soyqırımı məzarlığının aşkar olunması, orada memorial kompleksin tikilməsi bu işlərin təbliğ edilməsi istiqamətində mühüm addım idi. Hesab edirəm ki, soyqırımı hadisələrini dünyaya çatdırmağı mütəmadi həyata keçirməliyik. Filmlər çəkilməlidir, kitablar yazılmalıdır. Tarixi xronologiya xarici yazıçıların, tarixçilərin qələmlərində öz əksini tapmalıdır. Bununla paralel olaraq, Qərbi Azərbaycana qayıdış istiqamətində mühüm addımlara imza atmaq vacibdir. Dünyaya bu məsələnin hüquqi, siyasi və mənəvi tərəfləri çatdırılmalı, qədim torpaqlarımıza qayıdışımızın hüquqi əsaslarını möhkəmləndirən addımlar atılmalıdır”.

Xatırladaq ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən, on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir