Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, 331.1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib:
“Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər”.
Bundan başqa, 445.7-ci maddə aşağıdakı redaksiyada verilir:
“445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər”.
Eyni zamanda, 37-ci fəsil aşağıdakı redaksiyada verilir:
“37-ci fəsil.
Borc
§ 1. Borc müqaviləsi
Maddə 739. Borc müqaviləsinin anlayışı və forması
739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.
Maddə 740. Borc müqaviləsi üzrə faizlər
740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.
740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.
740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.
740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.
740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.
740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər.
Maddə 741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi
741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.
Maddə 742. Borcun qaytarılması
742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər.
742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır.
742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda.
§ 2. Kredit müqaviləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı
743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.
Maddə 744. Kredit müqaviləsinin bağlanma qaydası və məzmunu
744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.
744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir:
744.2.1. borcverənin adı və ünvanı;
744.2.2. borcalanın adı və ünvanı;
744.2.3. kreditin məbləği və valyutası;
744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
744.2.5. kreditin təyinatı;
744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi);
744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.
744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.
Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri
745.1. Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş müddətdə təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun.
745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.
745.3. Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir.
745.4. Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.
745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
§ 3. İstehlak krediti müqaviləsi
Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı
746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
746.2. Bu Məcəllənin bu paraqrafının müddəaları aşağıdakı müqavilələrə şamil edilmir:
746.2.1. daşınmaz əmlaka dair hüquqların əldə edilməsi ilə bağlı və ya daşınmaz əmlakın ipotekası ilə təmin edilən kredit müqavilələrinə;
746.2.2. kredit müqaviləsinin bağlandığı anda məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğindən aşağı və ya həmin məbləğin 300 (üç yüz) mislindən çox olan müqavilələrə;
746.2.3. 90 (doxsan) gün müddətinədək bank hesabının kreditləşdirilməsinə;
746.2.4. kredit ittifaqlarının öz üzvlərinə verdiyi kreditlər üzrə müqavilələrə;
746.2.5. bu Məcəllənin 743.1-ci maddəsinə uyğun olaraq kreditlərin verilməsi fəaliyyətini həyata keçirən borcverənin öz işçilərinə verdiyi kreditlər üzrə müqavilələrə;
746.2.6. investisiya xidmətlərini həyata keçirən təşkilatlar tərəfindən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə onların həyata keçirdiyi əqdlərin bağlanması üçün verilən kreditlər üzrə müqavilələrə;
746.2.7. məhkəmə və ya mediasiya vasitəsilə bağlanan barışıq sazişinə əsasən bağlanmış kredit müqavilələrinə;
746.2.8. kredit borcunun və digər ödənişlərin yeni müddətə ödənilməsini nəzərdə tutan və faizsiz müəyyən edilən restrukturizasiya müqavilələrinə;
746.2.9. öhdəliyin icrası borcverənin sahibliyinə verilən əşya ilə təmin edilən və istehlakçının öhdəliyinin yalnız həmin əşya ilə məhdudlaşmasını nəzərdə tutan kreditlər üzrə müqavilələrə.
746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Maddə 746-1. İstehlak krediti müqaviləsi üzrə ilkin məlumatlandırma
746-1.1. İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən aşağıdakılar barədə məlumatları kağız və ya digər davamlı daşıyıcıda (məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanılmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) istehlakçıya təqdim etməlidir:
746-1.1.1. kreditin növü;
746-1.1.2. borcverənin adı və ünvanı;
746-1.1.3. kreditin məbləği və valyutası;
746-1.1.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
746-1.1.5. kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmət və onun nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə);
746-1.1.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi;
746-1.1.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat;
746-1.1.8. istehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı;
746-1.1.9. tətbiq edildikdə (hesabın açılması zəruri olmayan hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri;
746-1.1.10. tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclərin mövcudluğu;
746-1.1.11. kreditin alınması üçün əlavə xidmət müqaviləsinin, o cümlədən sığorta müqaviləsinin bağlanılması məcburi olduğu hallarda istehlakçının istehlak krediti müqaviləsi ilə bağlı belə müqaviləni bağlamaq vəzifəsi;
746-1.1.12. istehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri;
746-1.1.13. tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq edilən zaman ödənilməli olan dəbbə pulu;
746-1.1.14. tətbiq edildikdə, kreditin verilməsi üçün tələb olunan təminatlar;
746-1.1.15. istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər;
746-1.1.16. istehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası;
746-1.1.17. tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar;
746-1.1.18. ödəmə qabiliyyətinin qiymətləndirilməsi məqsədilə kredit bürolarından alınmış məlumatlar əsasında istehlakçıya kredit verilməsindən imtina edildikdə, bu barədə istehlakçının ödənişsiz olaraq məlumat almaq hüququ;
746-1.1.19. istehlakçının müraciəti əsasında müqavilə layihəsinin surətini borcverəndən ödənişsiz almaq hüququ;
746-1.1.20. borcverənin verdiyi məlumatların qüvvədə olduğu müddət.
746-1.2. Bu Məcəllənin 746-1.1-ci maddəsində göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir. Standart məlumatlandırma forması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
746-1.3. Borcverən tərəfindən standart məlumatlandırma formasına kreditlə bağlı digər məlumatlar da daxil edilə bilər.
746-1.4. Borcverən tərəfindən verilən məlumatlar aydın və başa düşülən şəkildə ifadə edilməlidir.
746-1.5. Məsafəli istehlak krediti müqaviləsinin bağlanması üçün rabitə vasitəsi kimi səsli rabitə vasitəsi (telefon zəngi, video zəng və s.) istifadə edildikdə, borcverən zəngin əvvəlində yalnız aşağıdakı məlumatları istehlakçıya təqdim edir:
746-1.5.1. borcverənin adı və zəngin məqsədi;
746-1.5.2. istehlakçı ilə əlaqə saxlayan şəxsin adı, soyadı və borcverənlə əlaqəsi;
746-1.5.3. təklif olunan xidmətin istehlak krediti olması;
746-1.5.4. təklif olunan istehlak kreditinin məbləği, kredit üzrə ödənilən faizlərin illik dərəcəsi və faktiki illik faiz dərəcəsi;
746-1.5.5. təklif olunan istehlak krediti ilə bağlı istehlakçının üzərinə düşəcək əlavə xərclərinin ola biləcəyi barədə qeyd;
746-1.5.6. istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər;
746-1.5.7. borcverənin verdiyi məlumatların qüvvədə olduğu müddət.
746-1.6. Bu Məcəllənin 746-1.5-ci maddəsi tətbiq edildikdə, borcverən bu Məcəllənin 746-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin maddədə göstərilən digər məlumatların istehlakçının müraciəti əsasında ona təqdim edilməsinin mümkünlüyü barədə istehlakçını məlumatlandırır və istehlakçının müraciəti əsasında həmin məlumatların təqdim edilməsini təmin edir.
746-1.7. İstehlakçı bu Məcəllənin 746-1.1.18-ci maddəsində göstərilən hüququndan istifadə edərək borcverənə müraciət edərsə, borcverən müvafiq məlumatı növbəti iş günündən gec olmayaraq istehlakçıya yazılı şəkildə təqdim etməlidir.
Maddə 746-2. İstehlak krediti müqaviləsinin bağlanma qaydası və
məzmunu
746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
746-2.2. İstehlak krediti müqaviləsində aşağıdakılar aydın və dəqiq şəkildə göstərilir:
746-2.2.1. kreditin növü;
746-2.2.2. tərəflərin adı və ünvanı;
746-2.2.3. kreditin məbləği və valyutası;
746-2.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
746-2.2.5. kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmət və onun nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə);
746-2.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər;
746-2.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat;
746-2.2.8. istehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı;
746-2.2.9. tətbiq edildikdə (hesabın açılması zəruri olmayan hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri;
746-2.2.10. tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclər;
746-2.2.11. istehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri;
746-2.2.12. tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq edilən zaman ödənilməli olan dəbbə pulu (gecikdirilmə faizləri);
746-2.2.13. tətbiq edildikdə, kredit öhdəliyinin icrasının təminatına dair şərtlər və sığorta tələbləri haqqında məlumatlar;
746-2.2.14. istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər;
746-2.2.15. istehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası;
746-2.2.16. tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar;
746-2.2.17. istehlakçının müqavilə müddətində sorğu əsasında ödənişsiz olaraq kağız daşıyıcıda təqvim ili ərzində iki dəfə (müqavilədə daha əlverişli hal nəzərdə tutulmadıqda), digər davamlı daşıyıcıda isə istənilən zaman kreditin qalığı barədə hesabdan çıxarışı kreditin ödəniş qrafiki şəklində əldə etmək hüququ (ödəniş qrafikində həyata keçirilməli olan ödənişlər, belə ödənişlərin müddətləri, ödənişlərin strukturu, o cümlədən illik faiz dərəcəsi üzrə hesablanmış faizlər və tətbiq olunan digər əlavə xərclər göstərilir);
746-2.2.18. mübahisələrə məhkəmədənkənar qaydada baxılması imkanlarının olub-olmaması, olduqda onun qaydası;
746-2.2.19. tətbiq edildikdə, digər müqavilə şərtləri;
746-2.2.20. Mərkəzi Bankın adı və ünvanı.
746-2.3. İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi və faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi yolverilməzdir.
746-2.4. Bank hesabının kreditləşdirilməsi hallarında borcverən istehlakçını vaxtaşırı olaraq kağız və ya digər davamlı daşıyıcıda hesabdan çıxarış vasitəsilə aşağıdakılar barədə məlumatlandırır:
746-2.4.1. hesabdan çıxarışın aid olduğu dövr;
746-2.4.2. kreditləşdirilmənin tarixləri və məbləğləri;
746-2.4.3. əvvəlki çıxarış üzrə balans və onun tarixi;
746-2.4.4. cari çıxarış tarixinə yeni balans;
746-2.4.5. istehlakçı tərəfindən edilmiş ödənişlərin məbləğləri və tarixləri;
746-2.4.6. müqavilə üzrə faiz dərəcəsi;
746-2.4.7. tətbiq edilən istənilən xərclər və digər haqlar;
746-2.4.8. tətbiq edildikdə, ödənilməli olan minimum məbləğ.
746-2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər.
746-2.6. İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Maddə 746-3. İstehlakçının istehlak krediti müqaviləsindən imtina
hüququ
746-3.1. İstehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.
746-3.2. İstehlakçı bu Məcəllənin 746-3.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etdikdə, istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə və ya borcverənlə bağladığı müqavilə əsasında xidmət göstərən üçüncü şəxslə bağlanmış əlavə xidmət müqavilələrinə xitam verilir və istehlakçı həmin müqavilələr üzrə hər hansı öhdəlik daşımır.
Maddə 746-4. İstehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası
746-4.1. İstehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır.
746-4.2. Borcverən istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün istehlakçıdan bu Məcəllənin 746-4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilə ilə müəyyənləşdirilmiş kompensasiya məbləğini tələb edə bilər.
746-4.3. Bu Məcəllənin 746-4.2-ci maddəsində göstərilən kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə bir ildən çox müddət qaldıqda, istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda isə 0,5 faizindən çox olmamalıdır.
746-4.4. Kompensasiya məbləği aşağıdakı hallarda tələb edilə bilməz:
746-4.4.1. vaxtından əvvəl ödəniş həmin müqavilə üzrə bağlanan sığorta müqaviləsinin əsasında həyata keçirildikdə;
746-4.4.2. bank hesabının kreditləşdirilməsi halında.
746-4.5. İstehlakçı tərəfindən son on iki ay ərzində istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş məbləğ ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin qırx mislindən çox olarsa, borcverən ona belə ödəmələr zamanı dəymiş zərəri məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra istehlakçıyla ayrıca razılıq əldə etməklə sübut etmək şərtilə bu Məcəllənin 746-4.3-cü maddəsində göstərilmiş kompensasiya məbləğlərindən daha yüksək (dəymiş zərərə mütənasib) kompensasiya tələb edə bilər. Bu halda, borcverənə dəymiş zərər qaytarılan kreditin kredit müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi ilə vaxtından əvvəl ödənilmə anında borcverənin borc verdiyi eyni təyinatlı kreditin faiz dərəcəsi arasındakı fərqdən ibarətdir.
746-4.6. Kompensasiya məbləği hər bir halda istehlak kreditinin istehlakçı tərəfindən vaxtından əvvəl ödənilməsi anı ilə müqavilənin müddətinin başa çatması anı arasındakı müddətdə ödənilməli olan illik faiz dərəcəsi üzrə hesablanmış faiz məbləğlərindən çox ola bilməz.
Maddə 746-5. İstehlak krediti müqaviləsinin digər xüsusiyyətləri
746-5.1. İstehlak krediti müqaviləsi üzrə istehlakçının borcverənə hər hansı ödənişinə (bu Məcəllənin 746-3-cü və 746-4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla), habelə borcverənin istehlakçıya məlumat verməsinə görə (bu Məcəllənin 746-2.2.17-ci maddəsinin tələbləri nəzərə alınmaqla) haqq alına bilməz.
746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
746-5.3. Bu Məcəllənin 742.5.3-cü maddəsi istehlak krediti öhdəliyinin icrasının təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, istehlakçı borcverən tərəfindən tələb irəli sürüldükdən sonra iki ay ərzində təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun.
746-5.4. İstehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilməlidir.
746-5.5. İstehlak krediti müqaviləsində göstərilməyən hər hansı xərclər və digər ödənişlər istehlakçıdan tələb edilə bilməz.
746-5.6. Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi barədə kredit müqaviləsinin müddəası etibarsızdır. Bu tələb istehlakçının vəziyyətini yaxşılaşdıran, o cümlədən borc yükünü yüngülləşdirən hallara şamil edilmir.
Maddə 746-6. Əlaqəli kredit müqaviləsi
746-6.1. Müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə aşağıdakı hallardan birinin mövcudluğu ilə şərtləndirilir:
746-6.1.1. kredit müqaviləsinin hazırlanması və bağlanması ilə əlaqədar olaraq borcverən satıcının (xidmət göstərənin) xidmətlərindən istifadə edir;
746-6.1.2. müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi) kredit müqaviləsində aşkar göstərilir.
746-6.2. Əlaqəli kredit müqaviləsi ilə əhatə olunan mallar istehlakçıya verilmədikdə (xidmətlər göstərilmədikdə), qismən verildikdə (xidmətlər qismən göstərildikdə), yaxud alqı-satqı (xidmət) müqaviləsinə uyğun olmadıqda, istehlakçının əlaqəli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasını dayandırmaq və ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ vardır.
746-6.3. İstehlakçı bu Məcəllənin 746-6.2-ci maddəsində göstərilən hüquqlarını yalnız aşağıdakı hallarda həyata keçirə bilər:
746-6.3.1. istehlakçı alqı-satqı (xidmət) müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə dair satıcıya (xidmət göstərənə) müraciət etmişdir və bu müraciət tarixindən sonra bir ay müddətində müvafiq alqı-satqı (xidmət) müqaviləsinin şərtləri yerinə yetirilməmişdir;
746-6.3.2. alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə olmaması səbəbindən ləğv edildiyi halda, bu şərtlə ki, istehlakçı borcverənə malların lazımi keyfiyyətdə olmaması barədə müraciət etmişdir;
746-6.3.3. alqı-satqı (xidmət) müqaviləsinə satıcı (xidmət göstərən) tərəfindən malların verilməməsi (xidmətlərin göstərilməməsi) səbəbindən xitam verilməsi halları istisna olmaqla, istehlakçı ləğv edilmiş alqı-satqı (xidmət) müqaviləsi əsasında aldıqlarını qaytarmışdır.
746-6.4. İstehlakçı bu Məcəllənin 746-6.3-cü maddəsində göstərilən halların baş verməsi ilə bağlı borcverənə müraciət etdikdə, borcverən 10 (on) iş günü ərzində istehlakçıya ödənişləri geri qaytarır və satıcıdan (xidmət göstərəndən) istehlakçıya geri qaytarılmış ödənişləri və digər xərcləri tələb etmək hüququnu əldə edir.
746-6.5. Bu Məcəllənin 746-6-cı maddəsində xidmətlərin göstərilməsi üzrə müddəalar işlərin görülməsi üzrə münasibətlərə də şamil edilir”.