• Ça. Noy 26th, 2024

Siyavuş Novruzov:“İranın əlaltılarına xəbərdarlıq etmək lazımdır ki, özlərini yığışdırsınlar”

ByYenigun.news

Apr 4, 2023


“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burada oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, deputat Fazil Mustafa qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirmək lazımdır.

“Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bundan sonra biz nə etməli və hansı addımları atmalıyıq?! Peyğəmbərimizin gözəl ifadəsi var: “Əqidəsi olmayan insanın nə inancı, nə də inamı olar”. Bu sözdən çıxış edərək deyə bilərik ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var”, – deyə o bildirib.

Deputat qeyd edib ki, bu terror aktı ilə Azərbaycanın gözünü qorxutmaq istəsələr də, onlar buna nail olmayacaqlar.

“Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Heç də sevinməsinlər ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəklər. Biz öz əqidəmizlə Prezidentin müsəlləh əsgərləriyik”, – S.Novruzov əlavə edib.

O söyləyib ki, İran dövləti Naxçıvan sərhədlərinə yaxın yerlərə qoşun yığıb. Millət vəkili qeyd edib ki, Azərbaycanın İrana qarşı mübarizəsi üçün gücü və qüvvəsi var.

“Biz orada döyüşməyə də hazırıq. Həm siyasət cəbhəsində, həm də digər sahələrdə. Qoy bilsinlər ki, Azərbaycan 1990-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir. Həmçinin güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq etmək lazımdır ki, özlərini yığışdırsınlar. Qulaqlarını da açıb eşitsinlər ki, bizim də kifayət qədər gücümüz və qüvvətimiz var”, – deyə o fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir