• Ça. Noy 26th, 2024

ABŞ demokratiyasına vurulan zərbə: Mühakimə olunan ilk prezident – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 5, 2023


ABŞ – çoxunun “yaşıl kart” udub, yaşamaq istədiyi ölkədir. ABŞ fövqəldövlət sayılır. Milli valyutası dünya ticarətinin əsas tədavül vasitəsi, ödəniş puludur. Çoxu bu ölkəni həm də ədalətli hakim olaraq görür. Böyük və güclü, yenilməz, hər şeyə qadir dövlət sayırlar. Ancaq ilin-günün, dünyanın bu qarışıq vaxtı ölkədə baş verənlər gözləntilərə, ümidlərə zərbə vurur.

Ölkənin 45-ci prezidenti Donald Trampla bağlı hadisələr ABŞ-nin demokratiyasını, ədalətini şübhə altında qoyur. Milyarder siyasətçinin seçkiqabağı kampaniyası qalmaqallı keçdi. Onun seçki qərargahının Rusiya ilə əlaqələri üzə çıxdı. Seçkinin nəticələri ABŞ-də demokratiyanın problemlərini aşkarladı. Səsvermənin nəticələrinin ümumölkə üzrə olmamasının ziyanı sonrakı hadisələrdə təsdiqləndi.

Yeri gəlmişkən, ABŞ-də seçkinin nəticələrini seçici deyil, 538 üzvü olan Seçicilər Kollegiyası həll edir. Onlar mənsub olduqları partiyanın qurultayında seçilirlər.

Kollegiyada, adətən, senatorlar, konqresmenlər, tanınmış siyasi fiqurlar təmsil olunurlar. Başqa sözlə, prezidenti və vitse-prezidenti onlar müəyyənləşdirirlər.

Trampın prezident olduğu dövrdə komandasının üzvlərinin tez-tez istefa verməsi də ABŞ tarixində nadir hal sayılırdı. Elə 2017-18-ci illər ərzində dövlət katibi vəzifəsinə dörd yeni təyinatı buna nümunə göstərmək olar.

Cozef Bayden prezident seçkisində qalib elan olunduqdan sonra Trampın tərəfdarlarının Ağ Evə hücumu ABŞ-ni banan dövlətinə oxşatdı.

Ona qarşı 33 maddəlik ittiham irəli sürülüb. Bu da ABŞ məhkəmə sisteminin və hüquq-mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir. Çünki 76 yaşlı milyarder siyasətçi doğulandan ABŞ vətəndaşıdır. Bir hadisə zamanı çoxlu sayda ittiham hüquq-mühafizə orqanlarının vaxtı ilə Trampla bağlı bir sıra məsələlərə göz yumduğunun göstəricisi də sayıla bilər. Həmin ittihamlara əsasən, Donald Tramp 136 il müddətinə azadlıqdan məhrum edilə bilər. Yəni cəzasının yüngülləşdirilməsi, əfvi o dünyadakı ədalətin ümidinə qalacaq.

Bu iddialar ABŞ-də hüquq normalarının tapdanmasının, hətta bu sahədə neqativ hadisələrin baş verdiyinin istisna olmadığını göstərir.

Donald Tramp seçkiqabağı kampaniya zamanı maliyyə pozuntusuna görə də ittiham olunur. Maraqlıdır, bu məsələ niyə yeddi ildən sonra açıqlanır? Dünyanın dörd tərəfində çirkli pulların yuyulmasını müəyyənləşdirə bilən, müxtəlif ölkələrdə prezident seçkilərinə qiymət verən, orada keçirilən siyasi kampaniyaya xərclənən maliyyə vəsaitindən xəbəri olan ABŞ-nin öz daxilində baş verdiyi iddia olunan fırıldağı yeddi ildən sonra aşkarlaması da müəmmadır. Ya da uyğun qurum da qanun pozuntusunda əlbir olub. Hər halda bu, ABŞ-nin hüquq-mühafizə, Federal Təhqiqat Bürosu, Daxili İşlər Nazirliyi və başqa qurumları tərəfindən araşdırılası məsələdir.

Donald Tramp iddia edir ki, şou-bizneslə məşğul olarkən heç bir qadını icazəsi olmadan öpməyib. Halbuki indi o, pornoaktrisa Stormi Denielsə (əsl adı Stefani Kliffordsdır) aralarındakı keçmiş aşiq-məşuqluqla bağlı susması üçün 130 min dollar verməkdə də ittiham olunur. İddia olunur ki, o, bu məbləği seçkiqabağı fondun hesabına ödəyib. Odur ki, 33 maddədən biri də seksual qısnama ilə bağlıdır. Tramp qadınlara qarşı seksual qısnamada da ittiham olunur.

Bu yerdə Bill Klintonla Monika Levinski olayını da xatırlatmağın yeri var…

Deməli, ABŞ-nin 45-ci prezidenti ölkə vətəndaşlarına, seçicilərinə yalan deyib, onları aldadıb.

ABŞ siyasi həyatı üçün ən pis hal isə 33 maddəlik ittiham, yaxud cinayət işinin açılması şəraitidir. Donald Tramp növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini açıqlayandan sonra Birləşmiş Ştatların hüquq-mühafizə orqanları onun saxlanılması barədə qərar qəbul ediblər və s. 45-ci prezident bütün ittihamları rədd edib.

Trampın başına gələnlər bütün dünyada polisin cinayətdə şübhəli bilib saxladığı şəxsin cibindən yad cisimlər çıxarmasına oxşayır. Yəni ABŞ o günə qalıb ki, Donald Trampın seçkidə iştirakından qorxaraq onun cibindən Stormi Denielsin çılpaq fotosunu çıxarır?..

Yoxsa ABŞ-də demokratiya böhran keçirir?..

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir