• Ça. Noy 26th, 2024

“Amerikanın demokratiyanı güc vasitəsilə kiməsə tətbiq etmək ixtiyarı yoxdur” – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 5, 2023


Ötən gün Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Trampın məhkəmə prosesi müzakirələrə səbəb oldu. Aktrisa Stormi Denielsə susmaq üçün 130 min dollar verdiyi iddiası ilə barəsində təhqiqata bağlanmış və həbsinə qərar verilmiş Donald Tramp bunu şou və siyasi motivli qərar adlandırıb. Trampın işi hüququn normalarının tapdanması ilə yanaşı, həm də Amerikada demokratiyanın vəziyyətinin nə dərəcədə bərbad olduğunu nümayiş etdirir. Siyasi şərhçilər düşünürlər ki, sabiq prezidentə qarşı bu cür kampaniyanın həyata keçirilməsi Amerikanın dünyada nüfuzuna da mənfi təsir edir.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan politoloq Fikrət Sadıqov hesab edir ki, Trampla bağlı iş Amerikada demokratlarla respublikaçıların mübarizəsinin nəticəsidir:

“Trampın növbəti dəfə seçilməsi üçün demokratlar əllərindən gələni etmişdilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi də daxil olmaqla Amerika siyasətçiləri çalışırdılar ki, Trampı ləkələsinlər, nüfuzdan salsınlar ki, o, seçkilərdə uduzsun. Görünür, bu proseslərin ikinci mərhələsi başlanır. Guya Tramp aktrisaya susması üçün pul verib, münasibətləri haqqında danışmamağa məcbur edib. Bu fakt cinayət işi deyil, bu sadəcə seçkiqabağı rəqibləri sıradan çıxarmağa bəhanədir. Amerikada seçki kampaniyaları adətən 1 il əvvəl başlanır. Ona görə rəqibləri çalışırlar ki, Trampı neytrallaşdırsınlar. Onu məsuliyyətə cəlb edən prokuror demokrat partiyasının nümayəndəsidir. O vaxtilə, hələ prokuror olmayanda demişdi ki, prokuror olsam, Trampın axırına çıxacağam. Hesab edirəm ki, Donald Trampın karyerasına bir zərbə vurulmayacaq. Onlar əslində sabiq prezidenti təbliğ edir, özləri də bilməyərəkdən, onun imicini qaldırırlar. Çünki onun tərəfdarları az deyil. Hesab edirlər ki, sabiq prezidentə qarşı qeyri-ədalətli mövqe nümayiş olunur, buna mane olmaq lazımdır.

Trampı cinayət işinə cəlb etməyə əsas yoxdur. Amma hər dəfə məhkəməyə çağırırlar, müxtəlif ittihamlar irəli sürürlər, hər hansı addım ata bilmirlər. Onu həbs etmək üçün əlavə maddələr lazımdır, ittihamlar kifayət deyil və bunu bacarmırlar. Görünür, o qədər narahatdırlar ki, Trampa qarşı nəyə gücləri çatırsa, hərəkətə keçiblər”.

Fikrət Sadıqov söyləyib ki, Amerika demokratik dövlət ola bilər, amma bu dövlətin hansısa demokratik dəyərləri güc vasitəsilə kiməsə tətbiq etməyə ixtiyarı yoxdur:

“Dünyanı demokratik və qeyri-demokratik dövlətlərə bölmək olmaz. Demokratiya anlayışı geniş anlayışdır və bu, Amerikada da, digər ölkələrdə müxtəlif formalarda var. İnsan hüquqlarının pozulması, demokratiyaya təpkilər və zərbələr də hər yerdə olur. Amerikanın hansısa sammit çağırması, adları heç yerdə olmayan, tanınmayan, nüfuz sahibi olmayan ölkələrin nümayəndələrini qəbul edib, Türkiyə kimi NATO üzvü olan ölkəni kənarda saxlaması reallığı əks etdirmir. Amerikanın bu məsələdə kriteriyaları həqiqətlərə uyğun gəlmir və demokratik dəyərlərdən uzaqdır”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir