“Azərbaycan həm qonşu, həm də Avropa Birliyi ölkələri üçün etibarlı tərəfdaş statusunu qazanıb”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması böyük bir tarixi hadisədir:
“Azərbaycan hazırda altı ölkəyə qaz ixracı keçirir. Lakin Anlaşma Memorandumunun imzalanmasından sonra həmin ölkələr Azərbaycan qazını qəbul etmək üçün lazımi infrastruktura sahib olsalar, o zaman Azərbaycan qazını altı ölkədən on ölkəyə çatdırmaq imkanı əldə edəcək. Bu da bütövlükdə Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və gəlirlərinin artması baxımından mühüm imkanların yaranması deməkdir”.
O vurğulayıb ki, Azərbaycan Avropa Birliyinə üzv ölkələr üçün etibarlı enerji ixracatçısı statusuna sahibdir, artıq 27 ilə yaxındır, Avropaya neft ixrac edir:
“Ölkəmiz eyni zamanda qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu baxımdan Azərbaycan həm qonşu, həm də Avropa Birliyi ölkələri üçün etibarlı tərəfdaş statusunu qazanıb. Ona görə də hazırda bu sahədə ölkəmizlə əməkdaşlıq etməyə can atan bir sıra ölkələr var”, – o vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan eyni zamanda Avropa üçün yaşıl enerji ixracatçısı statusunu qazanmağa başlayıb və buna iddialıdır:
“Ona görə sözügedən istiqamətdə infrastrukturun inkişaf etdirilməsi üçün işlər aparılır. Azərbaycanın 200 giqavatdan çox yaşıl enerji potensialına sahib olması gələcəkdə yeni anlaşmaların imzalanmasına, Azərbaycan yaşıl enerjisinin böyük həcmdə Avropa bazarlarına daxil olmasına imkan yaradacaq”.
T.Mirkişili əlavə edib ki, bütövlükdə imzalanan bütün memorandumlar və Azərbaycanın qonşu ölkələrlə, xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə əldə etdiyi razılaşmalar ölkəmizin siyasi-iqtisadi nüfuzunun Avropada kifayət qədər yüksək olması anlamına gəlir:
“Bu, eyni zamanda Prezident İlham Əliyevin apardığı xarici iqtisadi siyasətin kifayət qədər uğurlu və etibarlı olmasıdır ki, bütün bunların nəticəsindən Azərbaycan dövləti və xalqı kifayət qədər faydalanacaq”.