• Ç. Noy 27th, 2024

Malxaz Qulaşvili: “Bu, erməni populistlərinin sayıqlama və cəfəngiyyatıdır” – GÜRCÜSTANDAN MÜSAHİBƏ

ByYenigun.news

Apr 26, 2023


Şərti olaraq Ermənistan-Azərbaycan sərhədində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması fonunda erməni müxalifəti və din xadimləri günahkarı axtarmağa davam edirlər, onu da Baş nazir Nikol Paşinyanın simasında tapıblar. O, Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu (sonradan bunu həmişəki kimi inkar etdi) deməklə, əsas məsələnin 29 800 kvadratkilometr ərazisi olan (yəni, təbii ki, Qarabağsız) Ermənistanın təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirməkdə ittiham edilir.

Müxalifət hökuməti artıq təkcə kütləvi aksiyalarla deyil, həm də Jirayr Sefilyanın açıq şəkildə söylədiyi kimi, qiyamla hədələyir. Erməni ruhaniləri – Kilikiya katolikosu I Aram və bütün ermənilərin katolikosu II Qaregin Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qəbuledilməzliyini bəyan ediblər, Qarabağın hansısa öz müqəddəratını təyinetmə hüququndan danışıblar, Paşinyanın istefasını tələb edirlər. Bəzi politoloqlar, məsələn, Aleksandr Kananyan erməni xalqının artıq “mövcudluq imkanının mümkün olmayacağı” (söhbət elə 29 800 kvadratkilometrdən gedir) “post-soyqırımı sərhədləri” terminini uydurub.

Tanınmış gürcü politoloqu, ictimai xadim, Georgian Times” media holdinqinin rəhbəri Malxaz Qulaşvili Oxu.Az-a müsahibəsində son hadisələri şərh edərkən vurğulayıb ki, Laçın yolunda baş verənlərə (azərbaycanlı ekoloji fəallarının aksiyaya başlamasından, ardınca Azərbaycan sərhəd-keçid məntəqəsinin yaradılmasından sonra – red.) göstərilən reaksiya vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.

– ABŞ, Fransa, Rusiya və digər ölkələrdən bəyanatlar görürük. İnsanda belə bir hiss yaranır ki, sanki hamının yeni müharibə gözləntisi var. Mənə elə gəlir ki, onlar Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmaq, yerinə isə bəlkə də hədəfi Qarabağ olacaq və hərbi əməliyyata rəhbərlik edəcək yeni lider qoymaq istəyirlər. Bu istiqamətdə təzyiq göstərən erməni lobbiçiləri də var. Lakin müharibə kövrək sülhü məhv edə bilər.

– Bəs ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın zərrə qədər də olsa hərbi uğur şansı varmı? Axı olmadığı aydındır…

– Sizinlə razıyam. Əlavə olaraq bildirim ki, fikrimcə, Nikol Paşinyanı qarşıdurmaya sürükləyən qüvvələr elə Ermənistanın məğlubiyyətini gözləyirlər, bundan sonra indiki baş nazir hakimiyyətdən məhrum olacaq. Amma məqsəd müharibədir və buna hər iki variantla, o cümlədən Ermənistana yeni hökumət gələndən sonra nail olmaq mümkündür. Bütün bunları Ermənistanda baş verənlərdən, onların necə silahlanmağa çalışmasından da görmək olur.

– Necə düşünürsünüz, müharibə kimə sərf edir?

– Rusiya üçün sərfəli deyil. Rusiya Federasiyası Ukraynadakı müharibədə tam ilişib qalıb. Qərb isə dəfələrlə ikinci cəbhə açmağa cəhd edib, bununla bağlı Gürcüstana təzyiqlər olub, lakin rəsmi Tiflis bundan imtina edib. Türkiyəyə də təzyiqlər olub, ancaq Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Qərbin özünü Rusiyaya qarşı müharibəyə sürükləməsinə imkan verməyəcək.

İstənilən halda regiondan müharibə qoxusu gəlir, benefisiar isə Ermənistandan istifadə edən Qərb olacaq. Biz İrəvanın Qərbə doğru hərəkətini açıq şəkildə görürük. Burada maraqlı bir vəziyyət var. Bu ölkədə hakimiyyətdə qərbyönlü lider Nikol Paşinyan dayanır və o, Azərbaycanla uğursuz müharibəyə başlamağa qəsdən məcbur edilir. Düzdür, o, son vaxtlar Qərbin təşəbbüsləri baxımından o qədər də fəallaşmayıb, amma devrilərsə, o zaman yeni lider qərbyönlü xətti davam etdirəcək.

– Aleksandr Kananyan adlı radikal erməni politoloq var. O, Ermənistanın “post-soyqırımı sərhədləri” kimi yeni termin uydurub. Guya erməni xalqı mövcud 29 800 kv.km-də varlığını qoruya bilməz. Terminin özü nəsə yeni bir şeydir…

– …Bu piardır. “Soyqırımı” erməni tərəfinin təbliğ etdiyi sözdür. Ona sərhəd kəlməsini də, başqa şeylər də əlavə etmək olar. Əsas odur ki, “soyqırımı” sözü eşidilsin. Bu, bütün dünyada ermənilərə və erməni lobbiçilərinə təsir etmək üsuludur.

Ümumiyyətlə, bu, Ermənistanın beş dənizlə həmsərhəd ölkə olması ilə bağlı sərsəm fikrin davamıdır. Bu narrativlərə görə isə bədbəxt erməni xalqı əziyyət çəkir, məhz belə fikirlərin cəzasını çəkirlər. Axı güclə 2,5 milyon sakini olan Ermənistan necə “beş dəniz” dövlətinə çevrilə bilər? Özünüz də təsəvvür edin, bu necə mümkündür? Deməli, bir daha deyirəm, bu, erməni populistlərinin, o cümlədən siyasətçilərinin, politoloqlarının sayıqlama və cəfəngiyyatıdır.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir