“Ölkəmizdə kibertəhlükəsizliyə xüsusi diqqət yetirilməsinin digər səbəbi Ermənistan və İranın kibersahədə ölkəmizə qarşı təhdidləridir”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” mövzusunda keçirilən konfransda bildirib.
“Onlar illər ərzində ciddi fəsadlar yaratmağa nail olmasalar da, bu cinayətkar fəaliyyətlərindən əl çəkmirlər. Xüsusən də İkinci Qarabağ müharibəsi dövründə cəbhədə ardıcıl məğlubiyyətə düçar olan ermənilər sərhədyanı bölgədəki əhali arasında həyəcan və təxribatlar yaratmaq məqsədilə rabitə vasitələri ilə dövlət qurumlarının, bankların adından yalan məlumat yayırdılar. Dövlət xidmətləri göstərən sistemlərin işlərinə müdaxilələrə cəhd edirdilər. Lakin bütün cəhdlərin qarşısı vaxtında alınırdı”, – deyə Elmir Vəlizadə qeyd edib.