• Ç. Noy 27th, 2024

Məhsulu Azərbaycan ərazisinə rüsumsuz gətirməyin qanuni yolu: “Maya dəyəri də düşür” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Apr 26, 2023


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş 2022-26-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası üzrə ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə “daxildə emal” xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi xüsusi önəm kəsb edir.

Bununla əlaqədar olaraq, “daxildə emal” xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın artırılması məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı qəbul edilib. Bəs bu qərar hansı dəyişikliklərə səbəb olacaq? Bununla bağlı sualları İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev cavablandırıb.

– Bəxtiyar müəllim, mümkündürsə, yeni qərarın mahiyyətinin daha aydın başa düşülməsi üçün öncə “daxildə emal” və “emal əməliyyatları” anlayışlarını izah edərdiniz.  “Daxildə emal” və “emal əməliyyatları” dedikdə nələr başa düşülür?

– “Daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. “Emal əməliyyatları” dedikdə malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür.

“Daxildə emal” proseduru altında yerləşdirilən xarici xammallar gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər) istifadə edilir.

– “Daxildə emal” xüsusi gömrük proseduru daha çox hansı məqsədlər üçün istifadə olunur?

– Ümumilikdə xarici ölkələrin təcrübəsində “daxildə emal” xüsusi gömrük proseduru ixracyönümlü istehsalın artırılması üçün geniş istifadə olunur. Belə ki, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur altında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur. Nəticədə istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyi artır. “Daxildə emal” xüsusi prosedurunun üstünlüyü odur ki, məhsulun maya dəyəri aşağı düşür, inzibatçılıq azalır, sahibkarların vaxtına və vəsaitinə qənaət edilir, ölkəmizə investisiya yatırılması imkanları artır, istehsal olunan məhsulların rəqabət qabiliyyəti yüksəlir, ixrac bazarlarına yönəlmiş istehsalın artırılmasına şərait yaranır.

– Ümumilikdə qərarın tətbiqinin gətirdiyi əsas yeniliklər nələrdən ibarət olacaq?

– Yeni dəyişikliklər şirkətləri “daxildə emal” xüsusi prosedurundan daha çox istifadə etməyə bir növ təşviq edir. Qərarın gətirdiyi əsas yenilik “daxildə emal” xüsusi gömrük prosedurundan istifadə imkanının genişləndirilməsi, yəni malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi imkanının yaradılmasıdır. Dəyişiklik nəticəsində prosedur sahibi xammal və ya materialı qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində prosedur altında ölkəyə gətirib emal edərək istənilən ölkədəki istənilən alıcıya ixrac etmək imkanı əldə etmiş olur. Qərar qəbul edilənədək isə “daxildə emal” xüsusi gömrük prosedurundan istifadə imkanı sifariş (emal) müqaviləsinin bağlanması ilə məhdudlaşdırılmışdı, mal emal olunub sifarişçiyə geri qaytarılırdı və bir növ bu prosedur ancaq sifariş müqaviləsində nəzərdə tutulan xidmətin göstərilməsini ehtiva edirdi.

Qaydalara edilmiş yeni dəyişikliklərə əsasən, “daxildə emal” xüsusi gömrük prosedurundan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi də sadələşdirilib.

Beləliklə, yeni dəyişikliklərin qəbul edilməsi ilə “daxildə emal” xüsusi gömrük prosedurundan istifadə şərtlərinin sadələşməsi nəticəsində həmin prosedurdan istifadə edən şəxslərin dairəsinin genişlənməsi, orta və uzunmüddətli dövrdə daxildə emal proseduru altında emal edilərək ixrac ediləcək malların xüsusi çəkisinin artımı proqnozlaşdırılır.

– Dəyişikliklər sahibkarın bazarın digər iştirakçıları ilə rəqabət aparmasına necə təsir göstərəcək?

– Misal üçün qeyd edim ki, sahibkar müxtəlif qablaşdırma məhsulları istehsal və ixrac edir, bununla bağlı ölkəyə bir sıra xammallar idxal edir. “Daxildə emal” xüsusi prosedurundan istifadə etməyən sahibkar xammalı idxal edərkən ona gömrük rüsumu və idxal ƏDV-si ödəyir. Bu zaman ƏDV-ni sonradan əvəzləşdirmək və ya artıq ödənilmiş ƏDV kimi geri almaq mümkün olsa da, ödənilmiş gömrük rüsumları əlavə xərc olaraq məhsulun maya dəyərinin üzərinə gəlirdi. Bəzi hallarda sahibkarlar bazardakı mövqeyini qorumaq üçün məhsulu, demək olar ki, maya dəyərinə satmağa məcbur olurdu. Və yaxud bir çox hallarda gömrük rüsumları malın maya dəyərində əlavə yük yaratdığından bazarın digər iştirakçıları ilə rəqabət aparmaq çətin olurdu. Yeni qaydalara uyğun olaraq isə sahibkarların istər xammal alışı və ya xidmət sifarişlərinin əhatə dairəsi, istərsə də ixrac dairəsi xeyli genişlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir