Prezident İlham Əliyevin Bolqarıstana səfəri Azərbaycanla Avropa ölkələri ilə etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər.
Cənab Prezident İlham Əliyev cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışında bildirmişdir ki, “Bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək”. Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən isə Ruminiyaya qaz ixrac edir. Macarıstan və Slovakiyaya ilin sonunadək Azərbaycandan qaz ixrac edilməsi nəzərdə tutulmuşdur. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır.Nəticə etibarilə Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. “Ən azı” ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
Azərbaycan uzun illər beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Dövlətimiz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. Təbii ki, bu uğurların, bizə olan bu yüksək inamın və verilən dəyərin arxasında Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dayanır. Düşünürük ki, budəfəki səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək.
Ələkbər Dövlətov,
Lənkəran-Regional Qaz İstismarı İdarəsinin
rəisinin Cəlilabad rayonu üzrə müavini