Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyasında olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. Belə ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.
Qeyd edək ki, “Uşaq festivalı”nda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak ediblər.
Mahnı oxuyub rəqs etməyi sevən uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurulub, milli və müasir rəqslər üzrə ustad dərsləri keçirilib, uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı uşaqlarının konsert proqramı təqdim edilib. Gənc astronomlar üçün ayrılan meydançada astronomiya elmi haqqında məlumatlar əldə etmək mümkün olub.
Yüksək texnologiyaya maraq göstərən uşaqlar robotlar, dronlar və avia zonasındakı dərslərə qoşula bilib, idmansevərlər üçün isə mini turnirlər, yarışlar, interaktiv oyunlar, şahmat yarışları təşkil edilib.
“Uşaq festivalı”nda balacaların ixtiyarına verilən meydançalardan biri də art meydançası olub. “Street art” məkanında asfalt üzərində rəsmlər çəkilib.
Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkarlamaq oyununa qoşulublar.
Festival çərçivəsində təhlükəsiz yollar zonasında Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi uşaqlara iqlim dəyişikliyi, su və enerjiyə qənaət, tullantıların çeşidlənməsi barədə məlumatlar verib, viktorinalar keçirib. İnteraktiv oyunlar zamanı ekoloqlar milli parklar, qoruqlar barədə məlumatlandırıb, mini “Safari park”la tanışlıq olub.
Qida Təhlükəsizliyi Agentliyi isə “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi sərgisi təşkil edib. Sərgidə müsabiqəyə təqdim olunan əsərlərdən seçilmiş rəsmlər nümayiş olunub. Festivalda müsabiqə qalibləri təltif ediliblər.
Heydər Əliyev Mərkəzinin parkında bu gün maşın və fərqli idman növləri üzrə yarışlar da keçirilib. “Kulinariya”, “Estafet” və digər əyləncə zonaları, attraksionlar, animatorlar uşaqlara gözəl xatirəyə dönəcək anlar yaşadıblar. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
Heydər Əliyev Mərkəzinin parkında oxu meydançası da təşkil edilib. Burada uşaq ədəbiyyatı müəllifləri ilə görüş, eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün oxu saatı, müxtəlif bədii əsər qəhrəmanlarının obrazlarının rəsmləri üzrə müsabiqə və viktorina olub.
Konsert proqramında “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” uşaqlar musiqili teatrı, “Azəri inciləri” vokal qrupu və digər istedadlı uşaqlar və qruplar çıxış ediblər.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.