Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.
Zooloji Park və Bakı Abadlıq Xidmətinin əməkdaşlığı ilə təşkil olunan “Gələcək uşaqlara məxsusdur” adlı şənlikdə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı, “Ümid işığında” Əlil Uşaqlara Yardım İctimai Birliyi, SOS (Save Our Ship) Uşaq kəndləri təşkilatından ümumilikdə 300 uşaq iştirak edib.
Musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən tədbir qonaqlarda xoş əhval-ruhiyyə yaradaraq, unudulmaz günlərindən birinə çevrilib. Zooloji Parkın müxtəlif məntəqələrində qurulan pavilyonlarda ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Bununla yanaşı, balacalar açıq havada üz boyama, köpük şouda iştirak ediblər. Cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, rəsm çəkmək, eko çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif ustad dərslərinə qatılıblar. Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş edilib. Daha sonra, açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək şansı verilib, həmçinin IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi təşkil olunub.
Qeyd edək ki, Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil, həmçinin, elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji Parkda keçirilən seminar və treninqlər, ustad dərsləri uşaqlar və gəncləri əyləndirərək maarifləndirir, təbiətə maraq oyadır, insanların ətraf mühitin mühafizəsini və bu prosesdə öz rolunu daha dərindən dərk etməsini təmin edir.