“2020-ci il – yeniləşən, rəqəmsallaşan, innovativ intellektə əsaslanan bu dünyada Azərbaycanın öz yeni tarixini yazmağa başladığı ildir. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər ordusu, qəhrəman övladları Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad ediblər”.
Bunu Oxu.Az-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat qeyd edib ki, hazırda həmin ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işlərinin fonunda Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin nəzarəti ilə bu istiqamətdə mühüm işlər aparır:
“Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Bununla əlaqədar olaraq artıq üç ildir Azərbaycan Respublikasının Milli Məclisi işğaldan azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılmış vəsaiti təsdiq edir. 2023-cü ilin dövlət büdcəsində bu vəsaitin miqdarı 3 milyard manat olaraq nəzərə alınmış, hazırda da bu vəsaitin miqdarının artırılması üzrə büdcə dəyişikliyi müzakirə olunmaqdadır.
Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Keçdiyimiz günlərdə, məhz 28 May – Müstəqillik Günündə 31 illik fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə ilk qayıdışı baş tutub. Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində Prezident İlham Əliyevin sakinlərlə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi bir daha onu göstərib ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri nəinki diqqət mərkəzindədir, eyni zamanda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətini nümayiş etdirib.
Prezidentin qeyd etdiyi kimi, “cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub”. Qısa müddətdə, aparılan yenidənqurma işləri çərçivəsində 620 fərdi yaşayış binası, 9 çoxmənzilli bina inşa edilib. Artıq burada qayıdışın birinci mərhələsində 4 minə yaxın həmyerlimiz məskunlaşacaq”.
M.Əfəndiyev onu da əlavə edib ki, sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin son zamanlarda beynəlxalq təşkilatların Azərbaycanın mövqeyi ilə razılaşdıqlarına dair səsləndirdiyi fikirlər xüsusi diqqətəlayiq məqam olub:
“Baxmayaraq ki, Azərbaycan bərpa və yenidənqurma işləri ilə bağlı bütün fəaliyyətini təkbaşına, öz gücünə, öz resursları və imkanları hesabına həyata keçirir, eyni zamanda bu prosesdə beynəlxalq təşkilatların, Azərbaycana dost olan, xüsusilə 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrin də iştirakını arzuolunan hesab edir.
Xüsusi olaraq bu gün dünyada məskunlaşma siyasəti və “2030 Gündəliyi”ndə yer alan Dayanıqlı İnkişaf Məqsədlərinin çağırışlarına cavab verən, həmin məqsədlərin icrasına nəzarət edən Birləşmiş Millətlər Təşkilatı da bu işlərə yaxından cəlb olunmalı və əzm göstərməlidir.
Bildiyimiz kimi, ötən ilin oktyabr ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə Ağdam şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Həmin forum eyni zamanda müharibədən sonrakı dövrdə müasir çağırışların istiqamətləndirilməsi üçün yeni bir əsas olub. Azərbaycan üçün bu tarixi əhəmiyyətə malik forumun baş tutması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasətin davamı olub”.
Deputat qeyd edib ki, 2023-cü ildə də sürətlə aparılan yenidənqurma və bərpa işləri imkan verir ki, BMT bu tədbirini bir daha Azərbaycanda keçirsin:
“Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə beynəlxalq standartlara cavab verən fəaliyyətinin yeni müstəvidə davam etdirilməsinə öz töhfəsini verə bilər.
Qeyd edim ki, bu il BMT-nin İnsan Məskənləri Proqramı (UN-HABİTAT) Assambleyasının İkinci Sessiyası və Biznes Liderlərinin Dəyirmi Masası 03, 05-09 iyun tarixlərində Keniya Respublikasının paytaxtı Nayrobi şəhərində baş tutacaq.
UN-HABİTAT Assambleyasının bu ilki mövzusu “İnklüziv və səmərəli çoxtərəflilik vasitəsilə davamlı şəhər gələcəyi: Qlobal böhranlar zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq”dır.
Assambleya çərçivəsində keçiriləcək iclaslarda daha möhkəm və dayanıqlı şəhərlərə nail olmaq yollarını müzakirə etmək, maliyyə problemlərini aradan qaldırmaq üçün dünyanın hər yerindən mötəbər biznes və sənaye liderləri, xeyriyyəçilər, inkişaf bankları, investorlar, üzv dövlətlər və BMT qurumlarının nümayəndələri bir araya gələcəklər (DİM11).
Sessiyanın sonunda şəhərsalma və məskunlaşma üzrə müəyyən qlobal qərarların qəbul olunması nəzərdə tutulur.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gördüyü möcüzəvi işlər, Cənab Prezidentin çıxışlarında səsləndirdiyi bəyanatlar vasitəsilə BMT öz məsuliyyətini dərk edərək məhz Azərbaycanın haqq, ədalət işində, xüsusilə də BMT əsasnaməsində öz əksini tapmış sülhə çağırış istiqamətindəki fəaliyyətini düzgün dəyərləndirməklə, bundan sonra da Azərbaycanın yanında olaraq doğma Qarabağımızda bərpa və yenidənqurma işlərini Azərbaycan hökuməti ilə birlikdə həyata keçirərək, bütövlükdə Cənubi Qafqazda DİM-lərə nail olunmasında mühüm əhəmiyyət kəsb edən işlər görə bilər”.