• Be. Noy 25th, 2024

“Ermənistan sülh sazişi imzalasa belə, təxribatlarından geri çəkilməyəcək” – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 1, 2023


“Paşinyanın xüsusilə son dövrlərdə çox intensivliklə sülhə hazır olduqlarını deməsi, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu qəbul etməsi, Azərbaycanın sərhədlərinin 86,6 kvadrat/kilometr kimi tanıdıqlarını bəyan etməsi təbii ki, növbəti erməni riyakarlığıdır”.

Bu fikirləri Oxu.Az-a Qarabağda törədilən erməni təxribatları və “Qisas-2” əməliyyatı haqqında danışarkən deputat Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, keçmiş münaqişə vəziyyətində də Ermənistan danışıqlarda iştirak edirdi və hər zaman guya ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsini istəyirdi. Reallıqda isə torpaqlarımızı işğal altında saxlayırdı, Azərbaycana qarşı təxribatlarını davam etdirirdi:

“Hazırkı mərhələdə də mahiyyət etibarilə Ermənistanın davranışlarında ciddi dəyişiklik yoxdur. Yəni həmişəki erməni xislətinə uyğun davranış müşahidə olunmaqdadır. Sual olunur: İndiki şərtlər daxilində Paşinyanın davamlı olaraq sülhdən danışmasının Azərbaycan ərazisində yaşayan ermənilərlə rəsmi Bakının dialoqunun vacibliyini vurğulamasının arxasında nə dayanır? Təbii ki, hər şeydən öncə erməni baş nazir onu nümayiş etdirmək istəyir ki, guya Ermənistan sülh tərəfdarıdır. Ortada isə sülh mövcud deyil. Bunun səbəbkarı kimi Azərbaycanı göstərməyə çalışırlar və bu istiqamətdə özlərinin mövqelərini möhkəmləndirmək üçün də təxribatlarını intensivləşdirirlər. Belə olan halda Azərbaycanın cavab reaksiyası ilə qarşılaşırlar. Azərbaycan Ermənistanın təxribatlarının qarşısını sərt şəkildə alır və nümayiş etdirir ki, Ermənistanın bütün cəhdləri elə başlanğıcdan fiaskoya uğradılacaqdır. Ermənistan Azərbaycanın cavab reaksiyasının ardınca siyasi təxribatlara cəhd göstərir, amma bunlar da alınmır.

Ermənistan ümidlidir ki, Azərbaycana qarşı hansısa siyasi mövqe formalaşdıracaq. Paşinyanın və onu Avropada dəstəkləyən siyasi dairələrin başlıca məqsədi Azərbaycanın ərazisində yaşayan ermənilər üzərindən spekulyasiyalar etməkdir. Çünki məhz bu halda yekun sülh sazişini əngəlləmək mümkün ola bilər.

Azərbaycan regionda yeni reallıqlar formalaşdırdı və həm Ermənistanın, həm də onu dəstəkləyən Avropa ölkələri ilə Amerikanın qarşısına ciddi faktlar qoydu. Bugünkü reallıqlar Azərbaycanın formalaşdırdığı reallıqlardır. Ermənistanı bütün manevr imkanlarından məhrum etmişik və yeganə çıxış yolu Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı hansısa siyasi təxribatların törədilməsi, siyasi manipulyasiyaların edilməsi və yaxud spekulyasiyalara cəhddir.

Mahiyyət etibarilə Azərbaycan ədalətli sülh şərtlərini irəli sürüb və bu sülh şərtləri hüquq normaları ilə tam uzlaşır. Sadəcə olaraq, yeganə alət kimi Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti məsələsindən istifadə edərək, Paşinyanın hakimiyyətdəki ömrünü uzatmağa çalışırlar. Yəni Paşinyanın hakimiyyətdə qalması da artıq Qərbin geosiyasi maraqları üçün vacibdir. Onlar Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışırlar və çox gözəl anlayırlar ki, Paşinyan indiki şərtlər daxilində sülh sazişinə imza atsa, onun siyasi hakimiyyətinin sonu gələcək. Bu baxımdan təxribatlar törətməklə Ermənistan sülhü əngəlləməyə çalışır”.

Azərbaycanın bütün təxribatların qarşısını inamla aldığını vurğulayan deputat deyib ki, bütün platformaları öz milli maraqlarımıza, prioritetlərimizə uyğun, olduqca effektiv istifadə etməkdəyik:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji yanaşmaları, praqmatik baxışları hər zaman olduğu kimi qalib gəlməkdədir və ayrıca olaraq vurğulamaq lazımdır ki, bizim yaratmış olduğumuz reallıqlara uyğun, daha güclü mövqelərimiz öz təsirini də göstərməkdədir.

Ermənistanın Amerika Birləşmiş Ştatlarında görüşlərin keçirildiyi bir vaxtda yenidən təxribatlar törətməsinə gəlincə, bu bir daha nümayiş etdirdi ki, Ermənistan hətta sülh sazişi imzalasa belə, bu təxribatlarından geri çəkilməyəcək. Xisləti budur və Ermənistan bir dövlət kimi bundan sonra da Cənubi Qafqaz regionunda gərginliyi saxlamaq, dərinləşdirmək üçün bir alət kimi istifadə olunacaq. Son təxribatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən separatçıların ikisi Ermənistan Silahlı Qüvvələrinə aid idi. Ermənistan tərəfi bunu etiraf edərək, göstərdi ki, Azərbaycan ərazilərində Ermənistan özünün hərbi mövcudluğunu saxlayır. Bununla bərabər, ermənilər riyakarcasına Qarabağın Azərbaycanın ərazi bütövlüyü olduğunu qəbul etdiyini, sülhə hazır olduğunu nümayiş etdirirlər. Bütün bunlar bir daha Ermənistanın onsuz da bizə yaxşı bəlli olan mahiyyətini ortaya qoymuş olur. Biz Ermənistanın bütün hərəkətlərini daim diqqətlə izləməliyik, onun xüsusilə də hərbi cəhətdən daim zəif durumda qalmasını şərtləndirəcək addımlar atmalıyıq. Azərbaycan davamlı olaraq öz hərbi gücünü artırmaqdadır. Regionun gələcək təhlükəsizliyi, əməkdaşlıq mühiti birbaşa Azərbaycanın iradəsindən və potensialından asılıdır”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir