“Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı reabilitasiya və yenidənqurma layihələri hazırda minlərlə keçmiş məcburi köçkün azərbaycanlının tədricən öz evlərinə qayıtmasına şərait yaradır.
O əlavə edib ki, münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya Azərbaycan üçün əsas prioritetdir:
“Bura Azərbaycanın münaqişəyə məruz qalmış ərazilərində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyası da daxildir. Bu, Azərbaycan Konstitusiyası və bizim bir hissəsi olduğumuz müvafiq beynəlxalq sənədlərlə rəhbər tutulmalı və tənzimlənməli olan müstəsna daxili prosesdir. Azərbaycan etnik erməni vətəndaşlarının reinteqrasiyası səylərində irəliləyişə nail olmaq əzmindədir və bu məqsədlə birbaşa dialoq aparır”.
Tahir Mirkişili vurğulayıb ki, Azərbaycan hökuməti özünün etnik erməni sakinlərlə dialoqu üzrə xüsusi nümayəndəsini təyin edib və nümayəndənin yerli ermənilərlə ilk görüşü 2023-cü il martın 1-də Azərbaycanın Xocalı şəhərində keçirilib:
“Azərbaycan hökuməti bu yaxınlarda növbəti müzakirələrin Bakıda keçirilməsi təklifini irəli sürüb. Lakin bu proses Ermənistanın müqaviməti və müdaxiləsi ilə üzləşir. Ermənistan bu prosesə müdaxilə cəhdlərini dayandırmalı və reinteqrasiya səylərinə zərbə vuran hərəkət və bəyanatlardan çəkinməlidir. Azərbaycan beynəlxalq ictimaiyyətin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə apardığı birbaşa dialoqa dəstək verməsini gözləyir”.