Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı bir daha göstərdi ki, Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir.
Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. kinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik.
Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Vətən Müharibəsi zamanı bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bu istiqamətdə iki qardaş xalqa, dövlətlərimizin başında duran liderlərimizə uğurlar diləyirik.
Əfqan Həsənov,
Cəlilabad RMX PHŞ-in Cərrahiyyə
Şöbəsinin müdiri