• Ç. Noy 27th, 2024

REGİONAL İNKİŞAF PERSPEKTİVLƏRİ

ByYenigun.news

May 26, 2021

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bır sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçı siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini ifadə etdi.
Videokonfrans dövlətimizin və regionun gələcəyi ilə bağlı baxışların dünyaya çatdırılması prizmasından çox uğurlu oldu. 44 günlük Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb: Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Hazırda regionumuzun inkişafı üçün geniş imkanlar açılıb. Qonşu ölkələr regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Ermənistanın gələcəyi isə bu əməkdaşlıq platformasına qoşulmaqdan keçir. Əks halda, bu ölkənin heç bir gələcəyi yoxdur.Dövlət başçısı mötəbər beynəlxalq tədbirdə mühüm mesajlar verdi. Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi.

    Prezident konfransda bir daha bəyan etdi ki, Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu məqsəd baş tutarsa, Ermənistanın özü bundan faydalana bilər.  Atılan bütün addımlar gələcəyə xidmət etməlidir, Erməni əhalisinin yaşadığı ərazilərin inteqrasiyası labüd prosesdir.  Nəzərə alaq ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bizdə fərqli danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların hamısı ümumi qaydada təhsilə cəlb olunur, erməni icması da bu hüquqlardan istifadə edə bilər.

   Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.

Qənimət İsrafilova, Cəlilabad rayon Mərkəzləsmiş Kitabxana Sisteminin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir