Baş prokuror Kamran Əliyevin dəvəti ilə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.
Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq, ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
Kamran Əliyev Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda qonağı məlumatlandırıb.
Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Moldovanın Baş prokuroru vəzifəsini icra edən İon Muntyanu göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Azərbaycan və Moldova prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq, bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.
Bildirib ki, ölkələrimiz arasında müasir əlaqələrimizin təməli bu il 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə qoyulub. Baş prokuror Muntyanu Moldova Respublikasında da bu münasibətlə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi vurğulanıb.
Daha sonra baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Səfər çərçivəsində Moldovalı qonaqlar Baş Prokurorluğun yeni inzibati binasında və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçiriblər.
Qonaqlara ölkəmizin prokurorluq orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verilib.
İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.