• Be. Noy 25th, 2024

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

ByYenigun.news

İyl 27, 2023


Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır. Bu təxribatın Ermənistan dövləti və baş nazir səviyyəsində təşviq olunması qəbuledilməzdir.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil.

Ermənistan tərəfi, Azərbaycanı qondarma “soyqırımı” cəhdlərində təqsirləndirmək əvəzinə, Ermənistan ərazisindən azərbaycanlıların məcburi şəkildə deportasiyasına, öz yurd-yuvalarından qovulan zaman insanların kütləvi ölüm hallarına, Azərbaycan ərazilərinə təcavüz və işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti və törətdiyi əməllərə görə üzr istəməlidir.

Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir