• Bz. Noy 24th, 2024

“Azərbaycanlılara işgəncə verən, qətlə yetirən ermənilərin hamısını tapıb cəzalandıracağıq” – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 29, 2023


“Ermənilər faşistlərdən belə qəddardırlar. Onlar işğal etdikləri torpaqlarımızda azərbaycanlı olduğunu bildikləri yaşlı, uşaq, hamilə qadın demədən hər kəsə ağılasığmaz işgəncələr veriblər. İşğal müddətində Azərbaycan xalqına aid olan milli-mənəvi dəyərləri, tarixi abidələrimizi yer üzündən silməyə çalışıblar. Necə ki, İkinci Dünya müharibəsində qəddarlıq edən, cinayətlər törədən faşistləri dünyanın harasında olsalar, tapıb cəzasını verirdilərsə, biz də azərbaycanlılara işgəncələr verən, xalqımızı qətlə yetirən ermənilərin hamısını tapıb cəzalandıracağıq”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib. O qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımlara görə, məsuliyyət daşıyan cinayətkarlar ələ keçən kimi cəzalandırılmalıdırlar:

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının Qarabağ ərazisindəki qanunsuz əməlləri isə artıq neçənci dəfədir təkrarlanır. Onlar Xankəndiyə qanunsuz mallar daşıyırdılar. İndi isə əli azərbaycanlıların qanına batmış bir cinayətkarın həmin ərazidən Ermənistana keçirilməsinə şərait yaradırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinə birmənalı şəkildə bildirmək lazımdır, onlar Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət etməlidirlər.

Azərbaycanı haqq işini həyata keçirəndə ermənipərəst beynəlxalq qüvvələrin təzyiqilə qarşılaşır. Prezident İlham Əliyev deyirdi ki, biz də beynəlxalq hüquqa güvənirdik, amma nəticəsiz qaldı. Təəssüf ki, Minsk qrupunun həmsədrləri 30 il Azərbaycanın başının altına yastıq qoymağa, vaxt uzatmağa, ermənilərin xeyrinə həll yolu tapmağa çalışdılar. Halbuki Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa edə bildi. Ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Güman ki, Xaçaturyan adlı qaniçən erməninin həbsinə görə ermənilər hay-küy qaldıracaqlar. Özlərini yazıq kimi göstərməyə, beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə çəkməyə çalışacaqlar. Bu əməllərə rəğmən, Azərbaycan qanunlarının aliliyi öz qüvvəsini saxlayır.   

Biz ermənilərin xislətini də, onları müdafiə edən qüvvələrin düşüncələrini də yaxşı bilirik. Ona görə, daha təmkinli, səbrli olmalıyıq. Düşünürəm ki, Ali Baş Komandan bütün bu prosesləri yaxşı təhlil edir və gələcəkdə hər hansı bir çətinliklə üzləşməmək üçün lazımi tədbirləri həyata keçirəcək. Ermənistan 2020-ci il noyabrın 10-dakı kimi əllərini havaya qaldırıb ədalətə təslim olacaq”.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına əsasən, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir