“Xaçaturyanın həbsindən sonrakı hay-küy Ermənistanın cinayətkarlığı, soyqırımını dövlət səviyyəsində dəstəklədiyini sübut etdi”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“Bu danılmaz həqiqətdir ki, ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. Ötən əsrin 90-cı illərinin əvvəllərində isə mənfur düşmənlərimiz demək olar, hər sərhəd rayonunda vəhşiliklər törətməklə kütləvi qırğına yol veriblər. Belə cinayətlərdən bir də 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində törədilib”, – deputat vurğulayıb.
V.İskəndərov qeyd edib ki, erməni qatillər və cəlladlar Azərbaycana qarşı öz vəhşiliklərini bütün mərhələlərdə davam etdiriblər:
“Qeyd olunduğu kimi, ən yeni tariximizdə yaşanan və Ağdaban kəndində törədilən soyqırımı da həmin qəbildəndir. Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumatda da bildirilir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası həyata keçirilib. Eyni zamanda, həmin vaxt ermənilər tərəfindən kənd sakinləri qətlə yetirilib və dövlətə məxsus çoxsaylı əmlak məhv edilib, böyük ziyan vurulub. Bununla Azərbaycana həm də külli miqdarda maddi ziyan dəyib”.
Deputat deyib ki, 44 günlük Vətən müharibəsində öz topraqlarını düşmən işğalından azad edən Azərbaycan, həmçinin, xalqımıza qarşı törədilən cinayətlərin təşkilatçısı və iştirakçılarının məhkəmə qarşısında cavab verməsi üçün davamlı addımlar atır:
“Bəlli olduğu kimi, Meşəlidə törədilən cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir. Məhz bu kontekstdə bu günlərdə Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı, keçmiş Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıblar”.
Prokurorluq orqanlarının yaydığı məlumata istinad edən millət vəkili deyib ki, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə Azərbaycana 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub:
“Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılıb. Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək”.
V.İskəndərov bildirib ki, bu fakt bir daha Azərbaycan dövlətinin qətiyyətini, qərarlılığını bütün dünyaya göstərib:
“Eyni zamanda, bu fakt Ermənistanın cinayətkarlığı, soyqırımını dövlət səviyyəsində dəstəklədiyini sübut edir. Hər halda Ermənistan tərəfinin cinayətkar Vaqif Xaçaturyanın həbsindən sonra yaratdığı hay-küy məhz belə deməyə əsas verir. Lakin bu cəhdlər əbəsdir. Xalqımıza qarşı cinayət törətmiş hər bir kəs gec-tez məhkəmə qarşısına çıxarılacaq”.