Kəşfiyyat nəticəsində aşkar edilmiş karbohidrogen ehtiyatlarını daha yaxşı aydınlaşdırmaq üçün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunda əvvəllər inşa edilmiş kəşfiyyat quyusunun “yan qollarını” qazmaq lazımdır.
Bunu “Report”a açıqlamasında bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Birinci kəşfiyyat quyusu qazılarkən məlumatlar əldə edilib, ardından onlar emal edilib, daha sonra isə interpretasiya edilməkdədir. İnterpretasiya prosesi başa çatdıqdan sonra yan qol ilə bağlı qərar veriləcək”, – deyə B.Aslanbəyli bildirib.
Vitse-prezidentin sözlərinə görə, kəşfiyyat quyusunun qazılması zamanı karbohidrogen ehtiyatları aşkar edilib:
“Birinci quyunun qazılması zamanı əldə edilən nəticələr təhlil edilir ki, bu da bizə gələcək planlar barədə qərar verməyə imkan verəcək”.
Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. bp və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.
Blok Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatlarının olduğu ehtimal edilir.