“Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.
Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq dörd gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir:
“Hazırda müvafiq cavab gözləyirik. Hər hansı bir nəticə olan zaman məlumatı sizinlə bölüşəcəyik. Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.
Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.