“Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və gətirdiyimiz ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik”.
Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq bir həftədir, AzQAC nümayəndələri və könüllüləri buradadır:
“AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Hələlik qarşı tərəfdən müsbət cavab almamışıq. Hazırda cavab gözləyirik. Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik. Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdiriləcək, qiymətləndiriləcək və həmin ərzaqların, məhsulların onlara çatdırılmasına köməklik edəcəyik”.