• Bz. Noy 24th, 2024

Azərbaycanda yeni etnoqrafiya qoruğu yaradılır

ByYenigun.news

Sen 4, 2023


Prezident İlham Əliyev “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olub. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri var.

Azərbaycanın mədəni irsi üçün əhəmiyyəti nəzərə alınaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq) elan edilir.

Nazirlər Kabinetinə beş ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etmək, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Turizm Agentliyi isə qoruğun idarə olunmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir