Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub.
Ravvinlər Azərbaycanın “şeytan” obrazında verilməsinə və onun düşmənləri tərəfindən “Holokost” mövzusunun yersiz qabardılmasına etiraz ediblər.
Bakılı ravvin Zamir İsayev öz videomüraciətində sənəd-sübutlardan istifadə etməklə qeyd edib ki, Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırımına məruz qoyması uydurmadır. O, bildirib ki, Azərbaycana qarşı bu əsassız ittihamları İranın himayəsi altında fəaliyyət göstərən müttəfiqləri həyata keçirir. O, həmçinin yəhudi liderlərini XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb.
Z.İsayev əlavə edib ki, Azərbaycana böhtan atmaq naminə “Holokost” qurbanlarının xatirəsindən istifadə etmək ən böyük həyasızlıqdır:
“Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində deyib ki, Azərbaycan Qarabağda guya daha bir “Holokost”a hazırlıq aparır. Hətta Vardanyan bəyan edib ki, ermənilərin iztirabları “Holokost” qurbanlarının iztirablarından daha çoxdur. Ermənistanın paytaxtının mərkəzində nasist Qaregin Njdenin şərəfinə abidə qoyulduğu və ölkənin bir çox küçələrinin onun adını daşıdığı halda onların “Holokost”dan danışmağa nə haqqları var?”
Videomüraciəti ABŞ və Kanadanın Ravvinlər İttifaqının (UOR) rəhbəri Arye Ralbaq, Avropa Ravvinləri Konfransının vitse-prezidenti, Frankfurt şəhərinin baş ravvini Avixay Apel, Strasburq və Aşağı Reyn baş ravvinləri Avraam Veyl, Qafqaz yəhudilərinin baş ravvini Yaniv Naftəliyev, Polşanın baş ravvini Mixael Yosef Şudrix, Moldovanın baş ravvini Pinxas Zaltsman, Vyananın baş ravvini Yaron Engelmayer, Panamanın baş ravvini David Perets və başqaları dəstəkləyiblər.
Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib.