• Be. Noy 25th, 2024

“Kulakovun sülhməramlılara komandanlığı heç nəyi dəyişməyəcək” – RƏY + FOTO

ByYenigun.news

Sen 5, 2023


“General-mayor Kiril Denisoviç Kulakovun Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı olması heç nəyi dəyişməyəcək. Çünki burada müəyyən əlaqələrini quracaq və daha çox separatçılarla əlaqəsi olacaq”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O vurğulayıb ki, sülhməramlı kontingent Azərbaycan və qarşı tərəflə balanslı əsaslarla münasibət qurmaq əvəzinə, daha çox separatçılarla görüşür. O bildirib ki, sülhməramlıların komandanı əmrə tabe olduğu üçün təkbaşına heç nəyi həll etmək iqtidarında olmur:

“İndiyədək altı komandan olub, içlərində ən təcrübəsizi budur, normal döyüş təcrübəsi də yoxdur. Digərlərinin kifayət qədər təcrübəsi vardı, amma onlar belə, vəzifələrinin öhdəsindən gələ bilmədilər. Məndə olan məlumata görə, Kulakovu gəlmədən əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib və ona növbəti rütbəsini almaq üçün Qarabağa gedib özünü doğrultmaqla bağlı göstəriş verib”.

Ü.Cəfərov hesab edir ki, əgər Kulakov xidmətinə Bakıdan başlayacaqsa, nəyəsə ümid etmək olar. Ancaq bütün hallarda bölgədə fəaliyyət göstərmək onun üçün rahat olmayacaq:

“Qanuna əsasən, bütün komandanlar fəaliyyətə Bakıdan başlamalıdırlar, çünki onlar Azərbaycan ərazisində xidmət göstərirlər. Hərbi qaydaya görə, komandanlar gəlib Müdafiə Nazirliyində özlərini təqdim edirlər. Burada onlara müəyyən tövsiyələr verilir. Təəssüf ki, Kulakova qədərki son üç komandan bunu etməyib. Heç Kulakov da hələ Bakıya gəlib Zakir Həsənovla görüşməyib. Halbuki, sentyabrın 3-də bölgəyə gələn kimi birinci Bakıya gəlməliydi. Bu vəzifə onun üçün çox çətin olacaq. Çünki separatçılar hiss edirlər ki, halqa daralıb, ona görə də gərginlik yaradacaqlar. O gərginlikdə qoşunu idarə etmək, operativ qərar qəbul etmək vacibdir. Kulakov isə indiyə qədər sakit həyat sürüb, belə vəziyyətə öyrəşməyib”.

Həmsöhbətimiz indiyə qədərki komandanların xidmət müddətlərini tam başa vurmamalarından da söz açıb. Qeyd edib ki, Kiril Denisoviç Kulakov Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin altıncı komandanıdır, ona qədər fəaliyyət göstərən beş komandandan, sadəcə, biri altı aylıq müddət ərzində öz yerində olub:

“Rotasiya qaydasına əsasən, komandan altı aydan bir dəyişməlidir, amma reallıq da var ki, sülhməramlı kontingentin komandanlarının əksəriyyəti göstərilən müddət ərzində öz yerində olmayıb. Təkcə Rüstəm Muradov altı ay vəzifə başında olub, o da bölgəyə gələn kimi xoşagəlməz hadisələr yaşandı. Rusiyalı əsgərlər ermənilərlə müəyyən münaqişələr yaşadılar, əyyaşlıq kimi problemlər ortaya çıxdı. Nəticədə Muradovu Mixail Kosobokov əvəzlədi. Ancaq o da çox qısa müddət fəaliyyət göstərdi.

Ermənilərdə Kulakovun əvəzlədiyi general-polkovnik Aleksandr Lentsovla da bağlı çox maraqlı məlumat var. Bəllidir ki, Lentsov cəmi dörd ay vəzifəsini icra etdi. Erməni mətbuatı isə onunla bağlı belə yazır ki, başı biznesə qarışmışdı, Qarabağdakı separatçı ermənilərdən böyük miqdarda pullar əldə edirdi, ona görə də onu vaxtından əvvəl geri çağırıblar. Bundan əlavə, qeyd edilir ki, onu həyat yoldaşı ilə hədələyiblər. Çünki onun həyat yoldaşı milliyyətcə ermənidir. Ümumilikdə isə fikrimcə, müharibə yaşayan bir ölkənin təcrübəli general-polkovnikini Azərbaycanda saxlamağın heç bir mənası yoxdur”.

Qeyd edək ki, Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib. Bu vəzifə general-mayor Kirill Denisoviç Kulakova həvalə edilib. Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir