Ötən həftə Kərkükdə gərgin vəziyyət yaşandı. İraqın bu bölgəsində türkəmənlər (türkmənlərdən ayırmaq üçün belə də adlanırlar), türklər (həm də Azərbaycan türkləri) aparıcı etnik qruplardan biridir. Odur ki, Kərkükdə baş verənlər həm də bu baxımdan diqqət çəkir.
Əslində, Kərkükdə nə baş verib? Bu əyalətdə etnik qruplar arasında münaqişə uzun müddətdir gizli və açıq şəkildə davam edir. Orada türklərlə yanaşı, ərəblər və kürdlər də yaşayırlar. Səddam Hüseyn İraqa rəhbərlik etdiyi dövrdə türkəmənlər də sıxışdırılıblar. 2014-cü ildə İŞİD terrorçuları ölkəyə soxulandan sonra bölgəyə nəzarəti peşmərgə (İraqın şimalındakı kürdlərin silahlı dəstəsi) ələ keçirib. 2017-ci ilin payızında ölkənin şimalındakı kürdlər “müstəqillik haqqında” referendum keçirdikdən sonra İraq ordusu və iranyönümlü “Həşdi-Şabi” (“Xalq Səfərbərlik Gücləri”) silahlıları Kərkükü və bəzi rayonları peşmərgələrdən geri almışdılar. Onda İraq Kürdüstan Demokrat Partiyasının (KDP) qərargahı “Həşdi-Şabi”yə verilmişdi.
Bu günlərdə İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ofisin KDP-yə qaytarılması barədə qərar qəbul edib. Qərara etiraz edən “Həşdi-Şabi” və KDP-yə qarşı olanlar binanın qarşısında çadır qurublar. Kürd etnik qrupunun nümayəndələri binaya yürüş ediblər, qarşıdurma yaranıb. Nəticədə dörd nəfər ölüb, 15 nəfər yaralanıb. Kərkük valisi Rakan Səid əl-Cuburi bildirib ki, Kərkük Ortaq Əməliyyat Komandanlığının (İraq ordusu və “Həşdi-Şabi” silahlıları bir yerdə belə adlanırlar) istifadə etdiyi əsas binanın KDP-yə təslim edilməsi ertələnib və etiraz nümayişlərinə son verilib. 24 satlıq komendant saatı ləğv edilib, Ərbil-Kərkük avtomobil yolu açılıb.
Səddam Hüseyn rejimi, İŞİD terrorçuları və peşmərgə tərəfindən təqib, təzyiqlərə məruz qalan türklərin yaşadıqları Kərkükdə yaranan qarşıdurma qısa müddətdə aradan qaldırılıb. Ofisə yürüşün İraqın şimalındakı hökumətin keçmiş başçısı, KDP-nin lideri Məsud Bərzaninin rəhbərliyi altında təşkil edildiyi istisna olunmur. O, yazılı açıqlamasında “Həşdi-Şabi” tərəfdarlarının aksiyasını “dağıdıcı və qanunsuz” adlandıraraq “Kərkükdə kürd uşaqlarının qanının tökülməsinin nəticəsinin ağır olacağı”nı vurğulayıb.
Bundan başqa, son zamanlar İraqla İran arasında gərginlik yaşanır. İran iyun-iyul aylarında İraqın şimalını raket atəşinə tutub. Bu əməliyyatı bölgədəki qanunsuz silahlı dəstələrə qarşı keçirdiyini bildirib. Tehran iddia edib ki, qonşu ölkə ərazisindəki qanunsuz silahlılar İranda sabitliyi pozur, terror törədirlər. Məlumatlara əsasən, bu, ötən ilin sentyabrından sonra daha intensiv xarakter alıb. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri iyunda bildirmişdi ki, rəsmi Tehran İraq hökumətinə İraqın şimalındakı kürd qruplaşmalarını silahsızlaşdırmaq üçün avqust ayına qədər zaman verib:
“Ancaq bu müddət keçsə, bu qruplar tərk-silah edilməsələr və ya onlar hər hansı addım atsalar, əməliyyatları daha intensiv şəkildə təkrar edəcəyik”.
İrandan İraqa təbii qaz ixracı sahəsində də problem yaşanıb. Tehran xəbərdarlıq etmədən qonşu ölkəyə qaz ixracını dayandırmışdı. Ötən aylarda tərəflər arasında bank-maliyyə böhranı da yaşanmışdı. Bu günlərdə isə iki ölkə arasında mövcud problemlərə su mübahisəsi də əlavə edilib. İran ərazisindən keçən Kiçik Zap çayının, yaxud Aşağı Zabın (ərəblər əz-Zab əs-Saqir, farslar isə Zabe-Kuçek deyirlər) suyunun axınını dayandırıb. Kiçik Zap suyu İraqın Süleymaniyyə şəhərindən keçərək Kərkük şəhərinə, oradan da İraqın başqa bölgələrinə doğru axır.
“Həşdi-Şabi”nin İraqdan çıxarılması tələbi də Tehranla-Bağdad arasında vəziyyəti gərginləşdirən başlıca məsələlərdəndir. Yürüş iştirakçılarına da “Həşdi-Şabi” silahlılarının atəş açdıqları deyilir.
Kərkükdə baş verənləri Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehranda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla müzakirə etdiyi də istisna olunmur. Türkiyəli nazir bildirib ki, türkəmənlərin hüquqlarının müdafiəsi Türkiyənin İraqa yönəlik siyasətinin əsas elementlərindəndir: “Türkəmənləri bütün sahələrdə dəstəkləməyə davam edəcəyik”.
Kərkük İraqın neftlə zəngin ikinci böyük bölgəsidir. Bu, bölgənin əhəmiyyətini daha da artırır. Regionda türk, ərəb, kürd, sünni, xristian, şiə və başqa etnik qrup və dini məzhəblərin təmsilçiləri də yaşayırlar. Ona görə də Kərkükü İraqın kiçildilmiş modeli də sayırlar. Bölgədəki ziddiyyətin əsasında etnik hegemonluq ideyası ilə yanaşı, İranın İraqdakı maraqlarının təmini də durur. Rəsmi Tehran iddia edir ki, İraqı 30 ildir qoruyur. Hətta ölkənin İŞİD terrorçularından müdafiə edilməsində də aparıcı qüvvə olduğunu gizlətmir. İraq hakimiyyəti isə ABŞ başda olmaqla Qərbə meyillidir. Məhz ABŞ-nin xaricdə ən böyük sahəyə malik səfirlik ərazisi də İraqda yerləşir. Bundan başqa, İraqın şimalındakı muxtar hökumət özünü kürdlərin milli hüquqlarının müdafiəçisi kimi aparır. Bəzi mənbələr onları terrorçu və qanunsuz silahlı qruplarla əlaqədə də ittiham edir. Kərkükdə baş verən ofis hadisəsini adiləşdirmək sadəlövhlük olardı. Bölgədə ziddiyyəti yaradan amillər perspektivdə İraqı bürüyə bilər. Odur ki, Kərkükdə vəziyyət normallaşsa da, onun yenidən baş qaldıracağı ehtimalı çoxdur. Çünki “Həşdi-Şabi”nin baş qərargahı orada yerləşir, Kərkükdə neft hasilatı davam edir…
“Report” İnformasiya Agentliyi