• Be. Noy 25th, 2024

Şöbə rəisi: “Rəqəmsal innovasiyaların tətbiqi ədliyyə sisteminə əlçatanlığı asanlaşdırır”

ByYenigun.news

Sen 6, 2023


“Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimai fəallığın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prioritetlərdəndir. Elektron hökumət təşəbbüsü məhz qeyd olunan bu prinsiplərin reallaşdırılması, dövlət idarəçiliyində şəxsi maraqların aradan qaldırılması, vətəndaşların dövlət təsisatlarına inam və etibarının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması baxımından ən səmərəli vasitə kimi dəyərləndirilir. MDB məkanında e-hökumət təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən olan Azərbaycan bu sahədə mühüm təcrübələr əldə edib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

Onun sözlərinə görə, elektron hökumət sahəsində dövlət siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən rəqəmsal innovasiyalar tətbiq olunmaqla mobil və ədliyyə xidmətlərinin təşkili vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, onlara daha asan, şəffaf və rahat dövlət xidmətlərinin göstərilməsi imkanı yaradır:

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində tətbiq olunan elektron xidmətlər, xüsusilə “Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm xaricdə yaşayan şəxslərin məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışların daha tez və rahat şəkildə əldə olunmasını təmin edir. Vətəndaşlardan müraciət daxil olduqda həmin müraciət operatorlar vasitəsilə aidiyyəti əməkdaşa yönləndirilir. Sənəd hazırlanarkən vətəndaş barəsindəki məlumatlar kağız daşıyıcıdakı məlumatlarla da uzlaşdırılır. Daha sonra sənəd tərtib olunur və elektron imza ilə imzalanaraq vətəndaşa təqdim olunur. Vətəndaş özünə aid fərdi məlumatlarda dəqiqləşdirmələr aparmaq istədikdə tətbiq vasitəsilə məlumatların dürüstləşdirilməsi üçün dövlət orqanlarına müraciət edə bilər.

Məlum olduğu kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının təmini, cəmiyyətdə bir çox mühüm hüquqi və sosioloji prosedurlarda vacib rol oynayır. Hər bir insan həyatı boyunca vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı qeydiyyat şöbələrinə müraciət edir. Bu aktlar Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, xaricdəki konsulluq idarələri və icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən həyata keçirilir”.

R.Mənəfovanın sözlərinə görə, hazırda bu fəaliyyətlə Ədliyyə Nazirliyinin yüzdən artıq qeydiyyat şöbəsi və nikah evi məşğul olur:

“O cümlədən Bakıda və Azərbaycanın müxtəlif bölgələrində isə 20-dən artıq “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri fəaliyyət göstərir. Doğumun, nikahın qeydə alınması və pozulması, atalığın müəyyənləşdirilməsi, övladlığa götürülmə, ad, soyad, ata adının dəyişdirilməsi, ölümün dövlət qeydiyyatı və sair əməliyyatlar Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Həmçinin, elektron informasiya sistemlərinin inteqrasiyası hesabına məlumat mübadiləsinin aparılması xidmətlər göstərilərkən hər hansı sənədin təqdim olunması zərurətini aradan qaldırıb. Əhalinin birdəfəlik maddi yardım, ünvanlı sosial yardım, övladlığa götürmə, lisenziyaların, icazələrin alınması ilə bağlı aidiyyəti qurumlara müraciət imkanları sadələşdirilib.

Əhalinin sosial həssas təbəqələrinin müdafiəsində vacib rol oynayan, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin məsafədən xidmət göstərilməsinə imkan verən yeni innovativ – ƏN TEZ (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti də vətəndaşlara daha asan və əlçatan ədliyyə xidmətlərini göstərməyə imkan verir.

20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsi mümkün olub. Elektron xidmətlərin göstərilməsi və qlobal pandemiya şəraitində dövlət dəstək proqramlarının operativliyinin təmin edilməsində məlumatların elektronlaşdırılması xüsusi rol oynayıb”.

“Eləcə də “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” ölkə Prezidentinin Fərmanına əsasən, yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin, bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində doğumun qeydiyyatında yüksək əhatəliliyin təmin edilməsinə nail olunub”, – deyə şöbə rəisi qeyd edib.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir