Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib.
Nazirlikdən verilən məlumata görə, təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə daxili işlər naziri Ali Yerlikaya, Qazaxıstan fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov və digər vəzifəli şəxslər izləyiblər.
Təlim irimiqyaslı fövqəladə hallar zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə cavabdeh qurumlarının xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, irimiqyaslı fövqəladə hadisələr zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.
Əvvəlcə, təlimdə iştirak edən xilasetmə qurumlarının texnika və avadanlıqlarına baxış keçirilib.
Sonra təlim qərargahında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.
Daha sonra təlimin praktiki hissəsinə başlanılıb.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda Azərbaycanın Dövlət bayrağı və TDT-in bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin və Türkiyənin təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.
Qeyd edək ki, təlimdə TDT ölkələrinin aidiyyəti qurumlarının ümumilikdə 8 helikopteri və 1 ədəd amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 baş xüsusi təlim görmüş iti və 1 180 nəfərdən ibarət canlı qüvvəsi iştirak edib. Həmçinin, təlimdə Azərbaycan FHN-lə yanaşı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin qüvvələri də iştirak ediblər.