• Ça. Noy 26th, 2024

Qarabağda bələdiyyə torpaqları necə müəyyən ediləcək? – AÇIQLAMA + FOTO

ByYenigun.news

Sen 8, 2023


İşğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdışla əlaqədar işlər sürətlə davam etməkdədir. Artıq keçmiş məcburi köçkünlər Füzuli, Laçın kimi rayonlarımıza qayıdırlar. Onlarla ailənin doğma yurduna qayıdışı təmin edilib.

Azad edilən ərazilərdə hələlik bələdiyyələr formalaşdırılmayıb. Azərbaycanda daha əvvəl keçirilən parlament və prezident seçkilərində keçmiş məcburi köçkünlər iştirak etsələr də, onlar bələdiyyə sədri və üzvlərini seçə bilmirdilər. Bələdiyyə seçkilərində Azərbaycanda formalaşdırılmış 125 seçki dairəsindən 118-i iştirak edirdi.

Azərbaycanda sonuncu dəfə bələdiyyə seçkisi 2019-cu ildə keçirilib, növbəti seçki 2024-cü ildə keçirilməlidir. Azad edilən ərazilərdə bələdiyyə seçkisinin keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Bu bölgələrdə bələdiyyə torpaqları da hələlik tam müəyyənləşməyib. Prosesin necə həyata keçiriləcəyi məlum deyil.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkisinin keçirilmə tarixini söyləmək çox çətindir.

“Çünki bu, imkan, eyni zamanda mövcud şəraitlə əlaqəli məsələdir. Əksər vətəndaşlar həmin ərazilərə köçürülməli, burada əhalinin yaşayışı təmin olunmalıdır. Bundan sonra qanunvericiliyə uyğun olaraq seçki keçirilməlidir. Bələdiyyə seçkisi əhalinin özünün razılığı, sakinlərin təşəbbüsü ilə hər yaşayış məntəqəsində əhalinin sayına uyğun olaraq keçirilə bilər. Bu, mövcud qanunlara uyğun həyata keçiriləcək. Həmin ərazilərdə bələdiyyə seçkisinin keçirilməsi mümkün olacaq”.

Tahir Rzayev bələdiyyə torpaqlarının necə müəyyənləşdiriləcəyini də izah edib:

“Bələdiyyə torpaqlarının müəyyən olunması da qanunvericiliyə uyğun aparılmalıdır. Yəni torpaqların müəyyənləşdirilməsi ərazinin sahəsindən, əhalinin sayından asılıdır. Bu normalara uyğun orada bələdiyyə torpaqları müəyyən edilməlidir. Elə rayon var ki, onun ərazisi böyükdür. Sözsüz ki, orada bələdiyyə torpaqları daha geniş və əhatəli olmalıdır. Məsələn, Kəlbəcər ölkəmizin ən böyük əraziyə malik olan rayonudur. Şübhəsiz, həmin rayonun öhdəliyinə veriləcək torpaqlar geniş olmalıdır. İstər bələdiyyə torpaqları, istərsə də dövlət mülkiyyətində olan torpaqlar qanunvericiliyə uyğun təmin edilir”.

Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər aqrar sahə üçün olduqca vacibdir:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər gedir. Çox sevindirici haldır ki, artıq Zəngilanın, Füzulinin, Laçının əhalisi həmin yerlərə köçürülür. Artıq oralarda həyat canlanır. İnsanlar qurub-yaradırlar. Ölkə başçısının göstəriş və tapşırıqları əsasında işlər sürətlənib. Dəfələrlə Prezident deyib ki, işğaldan azad olunmuş ərazilər ən gözəl, yaraşıqlı ərazilərə çevriləcək. Həmin torpaqlar əkin və aqrar sektorun inkişafı üçün yaxşı potensiala malikdir. Həmin ərazilər turizmin inkişafı, ərzaq təhlükəsizliyi, insanların işlə təmin edilməsi üçün çox önəmlidir. Quruculuq işlərinin belə sürətlə getməsi, əhalinin həmin ərazilərə köçürülməsi gələcəkdə həmin ərazilərdə hər kəsin şən və xoşbəxt yaşayışını təmin edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir