• Ç. Noy 27th, 2024

“Ermənilər rəy yaratmağa çalışırlar ki, guya Xankəndidə azərbaycanlılar yaşamayıblar” – ŞƏRH + FOTO

ByYenigun.news

Sen 8, 2023


“Ermənistanın əsas məqsədlərindən biri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə mane olmaqdır. Elə buna görə də belə rəy yaratmağa çalışırlar ki, guya Xankəndidə, keçmiş Ağdərə və Əsgəran rayonlarında azərbaycanlılar yaşamayıblar”.

Bu sözləri “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, bu, kökündən yanlış, tamamilə əsassız iddiadır:

“Arxivləri də açsaq, görərik ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazi tarixi Azərbaycan torpaqlarıdır. Sadəcə olaraq, ermənilər həmişə olduğu kimi, indi də çətinə düşəndə yalan kampaniyasını işə salır, təbliğat aparmağa çalışırlar. Əlbəttə, bu işdə erməni lobbisinin də xüsusi rolu var”.

Politoloqun sözlərinə görə, ermənilər başa düşürlər ki, danışıqlar prosesi inkişaf etsə, Qarabağ daimi olaraq Azərbaycan ərazisi kimi tanınacaq və kommunikasiyalar açılacaq:

“Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası baş tutacaq. Bu isə anklavların Azərbaycana qaytarılması deməkdir. Ermənistan buna mane olmaq istəyir”.

İlqar Vəlizadə

O bildirib ki, bütün bunlar baş tutarsa, ermənilər manipulyasiya imkanlarından məhrum olacaqlar:

“Qarşı tərəf məhz bundan qorxur. İkinci bir tərəfdən, rəsmi İrəvan Bakı və Ankaranın regiondakı rolunun artmasından narahatdır. Ona görə də yalanlara əl atır. Əslində, Ermənistanın hazırkı ritorikası ənənəvi siyasətdir”.

İ.Vəlizadənin sözlərinə görə, kommunikasiyalar açılarsa, Ermənistan alternativ yollar çəkməyə məcbur olacaq:

“Bu, asan iş deyil, ciddi maliyyə tələb edir. Ona görə də rəsmi İrəvan indi danışıqlar prosesini ləngitməyə çalışır. Onlar bu işdə həm də xarici aktorlara, o cümlədən Fransaya arxalanırlar”.

Qeyd edək ki, ermənilərin xaricdə apardığı təbliğat beynəlxalq ictimaiyyətdə elə təəssürat formalaşdırıb ki, sanki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə tarixən ancaq ermənilər yaşayıblar, guya orada heç azərbaycanlı olmayıb. Halbuki, Qarabağ iqtisadi rayonunda münaqişədən öncə azərbaycanlılar yaşayıblar və indiyə qədər onların öz evlərinə qayıdışı təmin olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir