Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən danışıb.
Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Əhədi İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatçılığını ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-İran Birgə Komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik Z.Həsənov belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığımıza müsbət töhfələr verəcəyindən ümidvar olduğunu bildirib və onun da salamlarını İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə çatdırmağı xahiş edib.