“Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan 18 nümunə götürülüb”.
“Report”un Söyüdlü kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Micon” beynəlxalq monitorinq şirkətinin kənddə tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı zamanı kənd sakinləri ilə görüşdə deyib.
Nazir bildirib ki, monitorinq zamanı codluq və bulanıqlılıq, həmçinin ağır metalların normadan yüksək olduğu aşkarlanıb.
M.Babayevin sözlərinə görə, həmçinin, 32 nöqtədə torpaqdan 32 nümunə götürülüb ki, burada göstəricilər norma daxilində olub. Lakin ağır metalların göstəricisi yüksəkdir. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb. Torpaqda ağır metalların tərkibinin çox olması filizləşmə zonası ilə xarakterizə edilir”.