• Bz. Noy 24th, 2024

“Mənim olmayan uğrunda niyə ölməliyəm?” sualı ermənilərin daxilindəki “vətən sevgisi”nə qalib gəldi

ByYenigun.news

Sen 28, 2023


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ermənistanın Azərbaycana qarşı təbliğat müstəvisində ən çox müraciət etdiyi alət tarixə istinaddır. Ermənilər hər vəchlə göstərmək istəyirlər ki, onlar daha qədimidirlər, azərbaycanlılar isə bir xalq olaraq “ötən əsrdə meydana gəliblər”. Bu mübarizədə “azərbaycanlıların əlifbalarının olmaması”, antik xəritələrdə “Böyük Ermənistan”a tez-tez rast gəlindiyi halda Azərbaycanın coğrafi yerləşməsi və sərhədləri barədə hər hansı informasiyanın “yoxluğu” kimi tezislər qabardılır. Ermənilər “Köçəri” rəqsi oynayıb onu özününküləşdirməyə çalışsalar da, düşməni “köçəri” ifadəsilə aşağılamaq istəyindən usanmırlar. Başqa sözlə, özlərinin bu regionda avtoxton, bizim isə gəlmə olduğumuzu göstərməyə çalışırlar. 

“Avtoxton” ifadəsi yunan mənşəlidir və daha çox geoloji termindir. Məsələn, “Yer qabığının tektonik örtük (alloxton) altında qalan hissəsi” kimi. Avtoxton əhali isə hər hansı coğrafi məkanda daha qədimdən məskunlaşan, ilkin olan insanlar toplusudur. “Avtoxton” termini “aborigen” ifadəsi ilə demək olar eynidir və “yerli” mənasını verir. Bu, daha çox tarixçilərin mübahisə və araşdırma sferası olsa da, hər halda bir sıra mental arqumentlər və gerçəklik erməni təbliğatı iddialarının əksini göstərir. Məsələn, köçəri hesab etdikləri xalq 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə baxmayaraq, torpaqlarının ilhaqı ilə barışmayıb ərazi bütövlüyünü bərpa edir və “avtoxton”luğu ilə öyünən topluma ağır hərbi-psixoloji zərbə vurur. Məntiqlə isə əksinə, unutmalı idi. Erməni xalqının iddia etdikləri kimi, “8 əsrdən sonra bərpa etdikləri” dövlətinin aqibəti gəlmə saydıqları “köçəri”lərdən asılı vəziyyətə düşür. 

Ermənistanın düşünən beyinləri Azərbaycanda yenilənən nəslin torpaq itkisi ilə barışacağına və ya ümumiyyətlə, prioritet hədəfləri sırasına almayacağına ümidlənsələr də, hadisələr tam fərqli ssenari ilə cərəyan etdi. Azərbaycanlıların hazırkı Ermənistandan, Qarabağ və Şərqi Zəngəzurdan deportasiyası və qovulması silahdan istifadə etməklə zorakı metodlarla müşayiət olunub. Quqark qətliamı ilə başlayan və qəddarlığının ən yüksək nöqtəsi olan Xocalı soyqırımı ilə davam edən hərbi-siyasi ekspansiya Azərbaycanın ərazilərinin böyük hissəsinin işğalı və əhalinin ölkənin içinə doğru kütləvi yerdəyişməsi ilə nəticələnib. Erməni ideologiyası bunu “azərbaycanlıların köçəri keçmişləri səbəbindən torpağa bağlı olmamalarının” inikası kimi təqdim edirdi. Ancaq bu gün Qarabağdan müasir Ermənistana doğru insan köçünün miqyası və intensivliyi bu arqumenti alt-üst edir. 

Qarabağdakı ermənilərin sürətlə yaşayış yerlərini tərk edib heç də pozitiv vədlər verməyən macəra axtarışına çıxmaları onların avtoxtonluğunu ciddi şübhələr altına alır. İzlənənlər bu xalqın regionda ev sahibi olmamasının genetik yaddaşa hopduğunun əyani sübutudur. Dövlət səviyyəsində verilən təhlükəsizlik təminatı və yerdə bu təminatın sosial və humanitar yardım, infrastruktur bərpası tədbirləri ilə gerçəyə çevrilməsinə baxmayaraq, erməni xalqının özünüdeportasiyası onların bu torpaqlarda özlərini yalnız tək olacaqları halda rahat hiss edə biləcəklərindən irəli gəlir. İndi isə nəinki tək deyillər, əksinə, titul əhali ilə birgəyaşayış perspektivinin diskomfortunu yaşayırlar. Üstəlik, titul xalqa qarşı 30 il öncə insanlığa zidd cinayət əməlləri törətmələrinin yükü altındadırlar.

Erməni xalqının tarixi kilsə üzərində qurulub. Kilsə erməni faciələrinin başlıca mənbəyidir. Erməni kilsəsi bəlkə də yeganə dini institutdur ki, milli və siyasi statuslara malikdir. Ermənilərin kilsəyə və onlara məxsus olmayan kilsələrin tarixini saxtalaşdırıb özününküləşdirməyə manyaklıq səviyyəsində həvəs və bağlılıq var. Özü də tək Azərbaycan ərazisində deyil. Bu gün Gürcüstanda ermənilərin iddia etdikləri onlarla dini məbəd mövcuddur. Qarabağda əsaslı mənbələrlə sübuta yetirilmiş tarixi olan alban məbədlərinin erməniləşdirilməsi və dünya erməniliyinin dini cazibə mərkəzinə çevrilməsi fonunda sentyabrın 21-dən bəri başlanan köç ziddiyyətli təəssürat yaradır. Son bir həftə ərzində “evlərindən zorla deportasiya edilən” ermənilərin  bir dəfə olsun belə “tarixi kilsələri” ilə vida kadrları yoxdur. Bu, həmin kilsələrin onlara məxsus olmadığının daha bir göstəricisi deyilmi? 2020-ci ilin 44 günlük müharibəsindən sonra rus hərbçilərinin himayəsi altında Qarabağa qayıdan və az qala hər gün Amaras, Gəncəsar məbədlərinə qruplarla səfərlər edən ermənilərin unutqanlığının səbəbi nədir? Üç ildir bütün dünyaya “Azərbaycan dini məbədlərimizi, xristian irsini məhv edir” deyə hay-küy salanlar indi heç olmasa Xankəndidə Köçəryanın yaxın adamı – oliqarx Qrant Vardanyanın pulu ilə inşa edilmiş kilsə fonunda şəkil də çəkdirmirlər. Torpaqlarına qayıtmış “köçəri” xalq isə ilk olaraq məscidlərini bərpa edir və yenidən tikir. 

44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin 10 mindən çox fərari ilə yadda qalması da erməni xalqının Qarabağda aborigen olmamasının göstəricisi idi. Müharibə fərarisiz olmur, bu, qorxu məfhumu ilə sıx bağlı anlayışdır. II Qarabağ savaşında isə qorxu ilə yanaşı torpağa genetik bağlılığın olmaması da öz rolunu oynadı. “Mənim olmayan uğrunda niyə ölməliyəm” sualı Gümrüdən Qarabağa hərbi xidmətə göndərilmiş ermənilərin daxilində “vətən sevgisi”nə qalib gəldi. 

Sərhədi keçənlərin əksəriyyəti həyatlarını üçüncü ölkədə davam etdirəcəklərini bildirirlər. Bu, ermənilərdə tarixi köçəriliyin müasir təzahürüdür. Son həftə ərzində Ermənistanda daşınmaz əmlak bazarında anormal qiymət artımı müşahidə olunur. “Vətənpərvər” platformanın cəfakeşləri qiymət artımına bais olanları tənqid edirlər. Hamı gözünü ABŞ-dan, Fransadan, İsveç və Kanadadan “Artsax erməniləri”nə ayrılan maliyyə yardımına tikib. Əmlak satanlar da, onları tənqid edənlər də, elə hökumətin özü də. Qarabağdan qaçanlar isə üfüqdə yeni məskənlərin xəyallarını qururlar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir