2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Sizi gözəl ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi nailiyyət münasibətilə təbrik edirəm. Bu hadisə həm də tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan uzun illər işğaldan əziyyət çəkib, xeyli müddət yüz minlərlə vətəndaşınız öz evlərinə qayıda bilməyib.
Təqdirəlayiq haldır ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda Sizin liderliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpa oluna, hüquqları pozulmuş insanların inamı özünə qaytarılmaqla işğala son qoyula və münaqişələrin həll edilə bilinəcəyi presedentini yarada bildi.
İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla üzləşdikləri böhranlı vaxtlarda Gürcüstan və Ukrayna kimi strateji tərəfdaşlara həmişə dəstək olub.
Sizin Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin edən, uğurlu multikultural və çoxmillətli cəmiyyət nümunəsi yaradan, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verən siyasətinizin nailiyyətlərini görmək şərəfdir.
Sizə işlərinizdə uğurlar arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.