Azərbaycan 33 illik işğaldan sonra ərazi bütövlüyünü bərpa edib. Odur ki, 33 illik Qarabağ işğalı qarşısında Azərbaycanın öz torpaqlarını xilas etmək üçün göstərdiyi həssaslığı anlayırıq, qiymətləndiririk və tam dəstəkləyirik.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa İttifaqına üzv dövlətlərin parlament sədrlərinin konfransının birinci sessiyasında çıxışı zamanı Azərbaycanı işğalçılıqda ittiham edən yunan Kiprinin nümayəndə heyətinə cavab olaraq deyib.
O, qeyd edib ki, Qarabağ əbədi olaraq Azərbaycan torpağıdır və Azərbaycan xalqına məxsusdur.
Parlament sədri çıxışında Zəngəzur dəhlizinin açılışı məsələsinə də toxunub.
“Zəngəzur dəhlizinin açılışı regiondakı bütün xalqların xeyrinədir və ümid edirik ki, bu, belə olacaq”, – deyə o, vurğulayıb.
Mənbə: Anadolu