• C. Noy 22nd, 2024

“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib – FOTO

ByYenigun.news

Sen 30, 2023


Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə qeyd edilən “Xəzər həftəsi” çərçivəsində IDEA İctimai Birliyi və Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Sumqayıt şəhər Corat qəsəbəsi daxilində yerləşən çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.

İməcilikdə Bakı Dövlət Universitetinin 300-dən çox tələbə heyəti ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllüləri də aktiv iştirak ediblər.

Aksiya zamanı üç hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib və Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

Xatırladaq ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Xəzər həftəsi çərçivəsində baş tutan təmizlik aksiyası dənizin ekoloji cəhətdən saflığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə xidmət edir. IDEA İctimai Birliyi hər kəsi Xəzər dənizinin sahillərini çirklənmədən qorumağa və onun sərvətlərinin mühafizə olunmasında birlik olmağa çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir