• C. Noy 22nd, 2024

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

ByYenigun.news

Okt 1, 2023


Ermənistan silahlı qüvvələrinin 30 illik işğalından azad edilmiş Zəngilanda açılışı olan və paytaxt Bakı şəhərində fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) üçüncü günündə də müxtəlif mövzularda sessiyalar təşkil olunub.

“Report” xəbər verir ki, Forumun “Hər kəs üçün xidmətlərə əlçatanlılığın təmin edilməsi” mövzusunda təşkil olunan sonuncu günü “İnklüziv şəhər inkişafı”, “Dayanaqlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti”, “Sağlam şəhərlər, inkişaf edən icmalar: şəhərsalma vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsi” adlı sessiyalarla yadda qalıb. Sessiyalarda sosial təcridin həlli, inklüziv şəhər inkişafı strategiyaları, şəhərsalma layihələrində əlçatanlıq və bərabərlik, ərazilərdən istifadədə ədalətli yanaşma üçün mənzil və şəhər siyasəti müzakirə olunub.

Şəhər nəqliyyatının modelləşdirilməsində meydana çıxan problemlər və onun həlli yolları, dayanıqlı və yaşanıla bilən şəhərlər üçün inteqrasiya olunmuş şəhər hərəkətliliyi və milli miqyasda davamlı hərəkətlilik barədə fikir mübadiləsi aparılıb.

Həmçinin sağlam şəhərlər, xoşbəxt vətəndaşlar üçün şəhərsalma və layihələndirmə vasitəsilə rifahın təşviqi, ictimai iştiraklı şəhərsalma və inklüzivlik məsələləri, piyada yönümlü şəhərlərin salınması yolları müzakirə edilib.

Hər sessiyanın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.

Bununla da “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumu oktyabrın 1-də işini yekunlaşdırıb.

Üç gün ərzində müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023”ə start verilib. Həftə çərçivəsində Zəngilanda dövlət başçısı İlham Əliyevin iştirakı ilə II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi və 2 gün ərzində Bakı panel iclasları təşkil olunub.

Qeyd edək ki, oktyabrın 2-də paytaxtımız ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan, keyfiyyətli şəhər həyatının təşviqini və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir