• Şb. Noy 23rd, 2024

İndiyədək azad olunan ərazilərə köçürülən şəxslərin sayı açıqlanıb – FOTO

ByYenigun.news

Okt 30, 2023


Böyük Qayıdış çərçivəsində indiyədək 3 188 nəfər doğma yurdlarına köçürülüb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, qarşısına qoyulan tədbirlərin icrasını təmin edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən işləri daim nəzarətdə saxlaması, məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həyata keçirilən işlər məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur. Onlar tezliklə doğma yurdlarına köçməyə, o yerləri yenidən dirçəltməyə can atırlar.

Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3 188 nəfər doğma yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.

Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili istiqamətində aparılan işlər, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir