Müdafiə naziri Zakir Həsənov Çinə səfər edib. Nazir səfər çərçivəsində Azərbaycan dövlətinin onun qarşısında qoyduğu hərbi-strateji prioritetlərin Çin aspektləri ilə əlaqədar müzakirələr aparıb.
Cənab Həsənovun Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətin rəhbərləri ilə görüşü Azərbaycanla Pekin arasında gələcək hərbi-texniki əməkdaşlıq rejiminin müəyyənləşdirilməsi çalarlarını özündə ehtiva edir.
Yəni Azərbaycan müdafiə qüdrətinin regional balansdakı yerini bərk saxlamaq üçün Çin kimi alternativ silah bazarını analiz edir.
Zakir Həsənov daha sonra 10-cu Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib.
Forum 90-dan çox ölkəni, region və beynəlxalq təşkilatlarının nümayəndələrini “Ümumi təhlükəsizlik, davamlı sülh” mövzusu ətrafında toplayıb.
Çin bu qədər dövləti bir araya yığmaqla beynəlxalq təhlükəsizlik vəziyyətinin gərginliyi şəraitində özünün strateji maraqlarını böyütməyi hədəfləyir.
Çin Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yarada bilmək gücünü yaxşı qiymətləndirir, buna görə də Həsənovun Forumdakı iştirakının Bakı-Pekin əlaqələrinin dərinləşməsi baxımından önəmi nəzərə çarpır.
Görünür ki, Çin özünün formalaşdırmaq istədiyi qlobal təhlükəsizlik platformasında Azərbaycanın Cənubi Qafqazdakı roluna ayrıca diqqət ayırır.
Çinin Cənubi Qafqazdakı maraqlarında iqtisadi çalarlar onun siyasi maraqları ilə qarışır, bu mənada Bakı-Pekin münasibətlərinin gələcəyi maraq doğurur.
Rəsmi Bakı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə, “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi şəbəkəsinə dəstək verir və özünün geoiqtisadi maraqlarını həmin layihələrin daxilinə yeridir. Pekin üçün də Azərbaycanın önəmi artır, Azərbaycanın Orta Dəhliz layihəsindəki statusu Pekin üçün ayrıca diqqətəlayiqdir.
Bu, Azərbaycanla Çin arasındakı əməkdaşlığın hərtərəfli doktrinasını hazırlamağa təşviq edir. Zakir Həsənovun Çinə səfəri və keçirdiyi müzakirələr hərtərəfli əlaqələr sferasının müdafiə və təhlükəsizlik aspektlərini əhatə edir.
Çin müdafiə və təhlükəsizlik sahəsindəki fazaya Cənubi Qafqazdakı maraqlarının inkişafına təkan verəcək xüsusiyyətlər kimi baxa bilər.
Çinin qlobal təhlükəsizliyin necə olması mövzusundakı söz sahibliyinə iddialı potensialının perspektivini Azərbaycan da təhlil edir.
Hər bir halda, müsbət tendensiyadır ki, Azərbaycanla Çin əməkdaşlığını daha da yaxşılaşdırmaqdan ötrü maraqlı proseslər baş verir.
Aqşin Kərimov