• Bz. Noy 24th, 2024

Bir avroluq xətir-hörmət…

ByYenigun.news

Noy 4, 2023


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ötən həftə Sloveniya XİN-i Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Qarabağdan Ermənistana köçmüş əhaliyə yardım məqsədilə 120 min avro göndərdiyini elan etdi. Bu məbləğin üzərində az və ya çox düşünüldüyü, yaxud Avropa təvazökarlığının göstəricisi olduğu məlum deyil. Ancaq fakt faktlığında qalır: Ermənistanın sentyabrın 19-20-dək Qarabağda 120 min etnik erməninin yaşadığını iddia etdiyini əsas götürsək, belə çıxır ki, Sloveniya hökuməti onların hər birinə 1 avro göndərib. Ermənistan tərəfinin açıqladığı rəsmi statistikaya görə, sentyabrın son günlərinə təsadüf etmiş köç nəticəsində 120 min deyil, təqribən 100 min erməni ölkə ərazisinə daxil olub. Bu halda rəqəm bir qədər böyüyür – adama 1,2 avro. Sloveniya hökuməti bəyan edib ki, bu yardım təbii fəlakət zamanı Ermənistanın onlara etdiyi köməyə cavab jestidir. Görünür, İrəvanın da yardımı “güclü” olub…

Rusiya silah müqabilində Ermənistandan aldığı 400 milyon dolları geri qaytarmır, Paşinyan hökuməti isə bu pulu necə alacağını bilmir. Nə silah var, nə də pul. Hindistanın satdığı silahı da ruslar çatdırmalı idilər, ancaq nəticədə hind yükünü Ermənistana iranlılar gətirib. 
Üç ildir bölgədə hər hansı təhlükəsizlik konfiqurasiyasının (Oxu: Zəngəzur dəhlizinin çəkilişinin) dəyişikliyə uğrayacağını qəbul etməyən İran “Ermənistan naminə” cızdığı “qırmızı xətt”i özü tapdaladı. Ermənistandan keçəcək mümkün dəhlizin onun Avropa ilə yollarını kəsdiyindən “qorxan” Tehran qəflətən logistik marşrutların öz ərazisindən çəkilməsinə razılıq verib dəhlizə yaşıl işıq yandırdı. İrəvanda deyəsən, “qırmızı xətt”in əslində nədən ibarət olduğunu indi-indi anlamağa başlayırlar.

Ermənistan avqust və sentyabr aylarında Fransa ilə birlikdə BMT TŞ-də iki dəfə məsələ qaldırıb “yeni soyqırımı”, “etnik təmizləmə” şüarları ilə Azərbaycana təzyiq etməyə çalışdı. Əvəzində bu ali beynəlxalq qurumun Qarabağa səfər etmiş (özü də iki dəfə) xüsusi missiyası “soyqırımı” və “etnik təmizləmə” halları ilə rastlaşmadıqlarını bəyan etdi.

Qarabağdan Ermənistana köç fonunda dolaşmağa başlamış “Fransa Qarabağ ermənilərini qəbul etməyə hazırdır” məzmunlu söz-söhbətlərdən təşvişə düşmüş səfir Olivye Dekotinyi tələsik təkzib bəyanatları tirajladı. Nikola Sarkozi dövründə siyasi tədavülə daxil olan “Ermənistan Fransanın kiçik bacısıdır” deyimi Nikol Paşinyanın dövründə beləcə etibarsızlaşdı. Parisin yarım ildir anons etdiyi “hərbi yardım” köpüyü isə erməni müdafiə naziri Suren Papikyanın Parisə gen-bol piar edilmiş səfəri zamanı partladı: cəmi 3 radar, özü də pulunu kim, nə vaxt və hansı yolla ödəyəcək, məlum deyil. 

Erməni lobbisinin Britaniya parlamentində həmlə cəhdini yerli XİN-in dövlət katibinin müavini Leo Dokerti beşikdə boğdu. “Birləşmiş Krallıq Qarabağ ermənilərinin Ermənistana köçünü “etnik təmizləmə” hesab etmir”, – deyə o ermənilərin gözləntilərini elə gözlərində qoydu. 

Almaniyanın istefada olan “polis məmurları”ndan ibarət “müşahidə missiyası” Azərbaycanla sərhəddə hər ay bir məntəqə açır. Bu ölkənin parlamentində hökumətə ünvanlanmış “Federal hökumət necə hesab edir, Azərbaycan tərəfindən Ermənistan ərazilərinin bir qismi işğal olunubmu” ermənipərəst sorğuya isə belə bir cavab gəlir: Ermənistanla Azərbaycan arasındakı sərhəd böyük ölçüdə demarkasiya olunmayıb.

Kanadanın xarici işlər naziri Ancelina deyil, – Melani Joli Ermənistana səfəri zamanı “Azərbaycana tətbiq ediləcək sanksiyaların masa üzərində” olduğunu bəyan edir, ancaq onun gedişindən sonra yenicə fəaliyyətə başlamış səfir Endrü Terner eyforiyada olan erməniləri göydən yerə endirir: “Ermənistanın özünün daxilində sanksiyalarla bağlı yekdil rəy yoxdur”. 

Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarından sonra Türkiyə ilə sərhədlərin açılacağına ümid edən Ermənistan hökuməti daha bir xəyal qırıqlığı ilə üz-üzə qalır. Ankara ünvanladığı mesajda Zəngəzur dəhlizi açılmayınca sərhədlərin qapalı qalacağı ilə bağlı İrəvana xəbərdarlıq edir…

Ermənistanın düşdüyü geosiyasi bataqlıq və regional dalan, sahib olduğu “xətir-hörmət” bu mənzərədən ibarətdir. Bu dövlətlə danışıqlar aparmaq düşünüldüyü qədər asan deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir