• Ca. Noy 28th, 2024

ULU ÖNDƏRİMIZ HƏYATIMIZA YENİ NÖVRAQ BƏXŞ ETDİ

ByYenigun.news

İyn 17, 2021

Hər dəfə Milli Qurtuluş günü astanamıza qədəm qoyanda ürəklərimiz dağa dönür, sevinirik, fərəhlənirik, Vətənimizin nailiyyətləri ilə haqlı olaraq öyünürük. Ona görə tükənməz fərəh və iftixar hissi keçiririk ki, azad ölkənin azad vətəndaşlarıyıq, dünyanın xalqları arasında özümüzə məxsus yerimiz, mövqeyimiz var. Milli Qurtuluş günü həyatımıza yeni növrağ bəxş etmiş, yeni nəfəs gətirmişdir.
Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli və obyektiv qiyməti əks etdirir. Biz həm də dərin iftixar və razılıq duyğuları ilə qeyd edirik ki, müstəqil dövlətimizin təşəkkül tapmasında, dirçəlib ayaq üstə durmasında və inkişaf etməsində ümummilli liderimiz Heydər Əliyevin rolu misilsizdir, ulu öndərimiz bugünkü azad və demokratik respublikamızın yaranması üçün ən böyük zəhməti çəkib, dağlar boyda ağırlığı çiyinlərinə götürüb. Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Respublikamız ən çətin məqamlarda – 1993-cü ildə özünün xilas yolunu müdrik rəhbərimizin dərin zəkası, uzaqgörənliyi sayəsində tapdı, onun göstərdiyi yolla gedərək ən qorxunc siyasi və iqtisadi böhranların məngənəsindən qurtardı. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər, şəxsi mənafeyini güdən dırnaqarası xadimlər böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vurdular, ancaq yıxa bilmədilər. Həmin adamların səbatsızlığı nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxaran siyasi böhran, Gəncə hadisələri, qondarma “Talış-Muğan respublikası” iddiaları, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə yönəldilən cəhdlər heç bir nəticə vermədi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Həmin dövrdəki Azərbaycan hakimiyyəti bugünkü Ermənistan hakimiyyəti ilə çox oxşardır. 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə, o cümlədən iqtidara inamın olmaması.
Xalq bir nəfər kimi ayağa qalxıb ulu öndərə sipər oldu, onun arxasında durdu. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin daxili və xarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi.
Heydər Əliyev sözün müstəqim mənasında xalqımızı bəlalardan qurtardı, inkişafımızın yolunda yeni bir mərhələni bina etdi. Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Bugünkü qələbələrin əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoymuşdur. Azərbaycan tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır.
Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir, bu həqiqət xalqını, millətini məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hiss doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin sözləri də xalqımız və dövlətimiz qarşısındakı xidmətləri qədər unudulmazdır: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq.”
Rizvan Mehtiyev, Cəlilabad şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir