• C. Noy 22nd, 2024

RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU ÖZ GÜCÜNÜ DÖYÜŞ MEYDANINDA GÖSTƏRDİ

ByYenigun.news

İyn 29, 2021

Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə sayəsində üç onillik ərzində işğal altında qalmış torpaqlarımız azad olundu və beləliklə, tarixi ədalət öz yerini tapdı. Bu böyük qələbənin sevincini xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirən rəşadətli Silahlı Qüvvələrimiz yaşatdı. Prezident İlham Əliyev Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı Qələbədən qürur hissi ilə söhbət açaraq vurğulayıb ki, hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. “Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”, – deyə dövlətimizin başçısı bildirib.

   Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan azad olunan ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər, əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Xatırladaq ki, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında Ordumuzun XXI əsrin müharibəsini apardığını qürur hissi ilə nəzərə çatdırıb. “Biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

  Vətən müharibəsində Ordumuzun şəxsi heyətinin nümayiş etdirdiyi qəhrəmanlıqlar iftixar mənbəyimizdir. Verilən məlumatlara görə, müharibənin davam etdiyi dövrdə düşmən ordusunda təxminən 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə belə bir hal yaşanmayıb. Azərbaycan dövləti və cəmiyyətimiz Ordumuzun əsgər və zabitlərinin Vətən müharibəsində göstərdikləri igidlikləri yüksək dəyərləndirir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Füzuli Cəfərov, Vətən müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir