Hər bir dövlətin gücünü müəyyən edən əsas amillərdən biri onun hərbi potensialı və müdafiə qabiliyyətidir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə qeyd edə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir. Təbii ki, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi deyil. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Xüsusi qeyd etmək lazımdır ki, müstəqil ölkəmizin güclü - qüdrətli ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Ümumiyyətlə, Ulu Öndər tərəfindən hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin o dövrdə Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Həmin məktəb peşəkar hərbçi-kadrların yetişməsi işinə müstəsna töhfələr verib və bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır.
Ümumiyyətlə, Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda ordu quruculuğu çərçivəsində hərbi məktəblərin fəaliyyətinə böyük önəm verir. Bu isə bəhs olunan sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə, kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan yaradır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər. Hərbçilərimiz bir çox ölkələrdə təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Bütövlükdə, bu gün kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir.
Ən mühüm məsələlərdən biri ölkəmizdə hərbi sənaye kompleksinin inkişafı istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Məlumdur ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Son illər ərzində ölkəmizdə 20-dən çox hərbi zavod yaradılıb və bu zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. Şübhəsiz ki, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.
Beləliklə, görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz, həmçinin dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
İftixaredici haldır ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Bu, həm də müzəffər ordumuzun öz tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərir.
Digər tərəfdən, Vətən Müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda, Azərbaycan xalqının öz qüdrətli dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı. Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.
Əminliklə söyləmək olar ki, qüdrətli Azərbaycanın qalib ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və yeni nailiyyətlərin, zəfərlərin altına imza atacaq!
Yaşasın qüdrətli Azərbaycan! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandanımız!
İlkin Zeynalov, Cəlilabad şəhər sakini