Bu həftə siyasi gündəmdə yaddaqalan hadisələrdən biri də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri oldu.
“Kaspi” qəzeti səfərlə bağlı məqalə dərc edib.
Məqalədə deyilir ki, Sadır Japarovun səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı müzakirələr ikitərəfli əlaqələrin genişləndirilməsi, çoxvektorlu əməkdaşlıq ruhunun gələcək modelləri üçün asan həllərin hazırlanması kimi yadda qala bilər.
18 sənəddəki məzmun
Bildirək ki, səfər zamanı Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalandı. Həmin sənədlərin məzmunlarını ümumi şəkildə təqdim etsək, deyə bilərik ki, onlar iqtisadi-ticari, nəqliyyat əlaqələrinin dinamikası üzrə perspektivi vurğulayır.
Prezident İlham Əliyev həmkarı ilə mətbuata birgə bəyanat zamanı həmin istiqamətləri belə açıqlayıb: “Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik”.
Sadır Japarov isə bildirib: “Danışıqlar əsnasında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələsində iki ölkənin qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olundu”.
Bu bəyanatlar onu deməyə əsas verir ki, tərəflər ikitərəfli münasibətlərdə və beynəlxalq təşkilatlarda bir-birilərinə dəstək ifadə edən məqamların vacibliyini vurğulamaqla yanaşı, geosiyasi mühitdəki daha geniş regional kontekstə nəzər salırlar.
Təhlükəsizlik naminə
Məsələni daha da aydınlaşdırmaq üçün demək lazımdır ki, Qırğızıstan hərbi qüdrət və iqtisadi indekslər baxımından elə də güclü ölkə sayıla bilməz. Amma Bişkekin Türk Dövlətləri Təşkilatındakı (TDT) üzvlüyü ona əlavə iqtisadi və siyasi, geosiyasi dividendlər qazandırır.
Bu vəziyyətin formalaşmasında Azərbaycan və onun strateji müttəfiqi Türkiyə böyük rol oynayır. Bakı-Ankara tandemi müştərək maraqları baxımından Mərkəzi Asiya ölkələrindəki türk dövlətlərini, o cümlədən Qırğızıstanı Qərb-Rusiya-Çin rəqabətinin yarada biləcəyi fəsadlardan əhəmiyyətli dərəcədə qorumağı hədəfləyir.
Buna görə də, Qırğızıstanda TDT kimliyini gücləndirməklə yanaşı, ölkədə siyasi sabitlik, davamlı təhlükəsizlikdə maraqlı olmağı nümayiş etdirmək olduqca əhəmiyyətlidir.
Azərbaycan dövləti İlham Əliyevin timsalında bütün regionlarda sabitlik və təhlükəsizliyə dəstək bəyanatlarını göstərir. Ancaq şiddətlənən qlobal güc konsentrasiyasındakı rəqabət fonunda bir çox region xarici müdaxilələrə açıq məkan olaraq qalmaqdadır.
Qırğızıstanın da siyasi və təhlükəsizlik vəziyyəti həssasdır və o, güc rəqabətinin arasında kritik sıxılmalara məruz qala bilmək riskini itirməyib.
Buna görə də Qırğızıstanda siyasi, iqtisadi və təhlükəsizlik üzrə stabilliyi şərtləndirmək üçün genişmiqyaslı investisiya layihələrinə diqqəti artırmaq zərurəti yaranır.
Elə bu səbəbdən təsadüfi deyil ki, İlham Əliyevlə Sadır Japarov qarşılıqlı iqtisadi-ticari və nəqliyyat sahəsindəki əməkdaşlıqların işığında investisiya portfelləri üzrə mövqelər səsləndirdilər.
Sağlam balans zərurəti
Təbii ki, Mərkəzi Asiya regionunda Çinin iqtisadi rıçaqlarını bərkitməsi diqqətdən kənarda qala bilməz. Pekin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya əhəmiyyətli iqtisadi sərmayələr qoyur və infrastrukturun inkişafı üçün əhəmiyyətli imkanlar təqdim edir.
Bişkek administrasiyası üçün bunun ən son nümunəsi Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Layihəsidir.
İndi üçün Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu layihəsini həll etmək və əmtəə dövriyyəsinin artmasına imkanlar yaratmaq Bakı-Bişkek xəttində vacib prioritet olaraq görünə bilər.
Beləliklə, Qırğızıstan Azərbaycanla münasibətlər və TDT-dəki təmsilçilik fonunda ölkəni əhəmiyyətli sağlam balansa söykəmək çağırışlarına baxmalıdır.
Bu baxımdan demək olar ki, TDT-nin siyasi nizamı Rusiya-Qərb-Çin arasında çoxvektorlu və çöxölçülü yanaşmasını göstərməkdən çəkinmir. Ona görə ki, regionda Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) də olmaqla, bir çox layihə Çinin geosiyasi imkanlarına diqqəti ayırır. Bu diqqətin artırılması sözsüz ki, Qərb və Rusiyanı maksimum dərəcədə bir-biriləri ilə mübarizə fonunda daha kəskin rəqabətə fokuslayır.
Ancaq Qırğızıstan siyasi elitasında Qərb oriyentasiyasına diqqət ayrılması biristiqamətli iqtisadi asılılığın qarşısını alır, birbaşa və ya dolayısı ilə xarici investisiyaların cəlb edilməsini asanlaşdırır.
Bu mənada TDT-dəki aparıcı qüvvə kimi Azərbaycan Mərkəzi Asiyada qlobal səviyyədə təsirini hiss etdirən potensial hegemon gücləri daha çox iqtisadi formatda sağlam rəqabətə kökləməkdə maraqlıdır.
Hərbi qarşıdurma olmadan aparıla biləcək sağlam rəqabət Mərkəzi Asiya regionuna daxil olan Qırğızıstanı iqtisadi əməkdaşlıq və siyasi oriyentasiya baxımından daha çox TDT-nin təsirlərinə uyğunlaşdırır.
Bu oriyentasiyanın saxlanılması üçün ideoloji-mədəni aspektlərə nəzər yetirmək mütləqdir, buna görədir ki:
– Prezident Sadır Japarovun Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etməsi,
– Bir gün sonra TDT-nin əhəmiyyətini çoxaldan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri qarşılıqlı anlaşmaları təşviq edir.
Nəticə olaraq deyə bilərik ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri həmin dövlətin və Bakının qarşılıqlı gözləntilərindəki profilləri yüksəltməyə xidmət edir.
Bu reallığa uyğun olaraq, Azərbaycanla Qırğızıstanın daha güclü regional əməkdaşlığa əsaslanan təhlükəsizlik axtarışlarını genişlədəcəyini proqnozlaşdırmaq mümkündür.