Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən ordumuz ulu öndərin adını daim yaşadacaqdır.
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman verildi.
Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir.
Azərbaycan xalqının arzusunu, istəyini, müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən bu irs Azərbaycanda ordu quruculuğu təfəkkürünü, xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnəkdir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürürdü.
Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyevin mübarizliyinin, fədaklarlığının təntənəsi idi. C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynamışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. Onlar indi də Heydər Əliyevin yaratdığı məktəbin məzunları olmasıyla fəxr edirlər. Əlbəttə, eyni zamanda bütün Azərbaycan xalqı bununla iftixar hissi duymaqdadır.
Vüqar Cavadov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəis müavini