• Ç. Noy 27th, 2024

Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” – VİDEO

ByYenigun.news

Apr 30, 2024




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” adlı veriliş efirə gedib.

Verilişdə 1915-ci ildə ermənilərin dinc türkləri qılıncdan keçirməsindən, soyqırımı törətməsindən, hərbi cinayətkarların cəzalandırması zamanı özlərini məzlum kimi göstərməsindən və 109 ildir hayların uydurduqları genosid nağılından bəhs olunub.

Qeyd olunub ki, Basarkeçər rayonunun Zod kəndində baş verən hadisələri ermənilərə qarşı soyqırımı kimi təqdim etmək üçün nağılçı tarixçilər Göyçə mahalında hər yeri qazıb, məzarlıqlar axtarırlar. 1918-1919-cu illərdə əliyalın Göyçə əhalisini öldürən, kəndləri talan edən erməni silahlı dəstələrinə qarşı göstərilən müqaviməti erməni qələmi və yalanı ilə təqdim edilib. Həmçinin tarixçi arxeoloqların soyqırımı nümünələrinin axtarışının və nağıl uydurmaq prosesinin necə getdiyi göstərilib.

Süjetdə “Zod əməliyyatı”nın necə hazırlanması və həyata keçirilməsinə aydınlıq gətirilib və bildirilib ki, bu, erməni araşdırmaçıların və tarixçilərin yalan yaradıcılığının növbəti nümunəsidir:

“Bu mövzuda ilk hərtərəfli araşdırma olan “Zod əməliyyatı” kitabının müəllifləri vurğulayıblar ki,  bu bir xəbərdarlıq kitabıdır, 100 il əvvəl baş verənlər bu gün də təkrarlanır. Zod indi də Ermənistan üçün taleyüklü yerə çevrilib. Ermənilər ingilislərdən dəstək alıb, Zodda baş verənlərin qisasını almaq üçün hücum edirlər. Onlar 1919-cu il martın 14-də Basarkeçərə gələrək, oradan kəndləri top atəşinə tuturlar. Beləliklə, 32 kəndin əhalisi Göyçədən çıxarılır. Həmin qaça-qaç vaxtı dağlarda qara-borana düşən yüzlərlə adam ölüb. Bu vəhşiliyin törədilməsində Antanta dövlətləri ermənilərin fəal yardımçısı olublar. Ermənilər müqavimət göstərənlərə, döyüşənlərə qarşı amansız cəza tədbirləri törədib, Səmənd ağa və bir çox hörmətli Göyçə ağsaqqallarını öldürüblər. 1920-ci ilə qədər erməni daşnak silahlı dəstəsi Göyçədə, bütöv Qərbi Azərbaycanda yerli azərbaycanlı əhaliyə qarşı soyqırımları həyata keçiriblər. İndi bu gerçəyi danıb, ermənilərin məzlumluğu üzərində yeni Zod nağılı başlatmaq istəyirlər. Bu, erməni məkri və xislətinin daha bir göstəricisidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir